Yuxarı

Azərbaycan Prezidenti Cəlilabadda avtomobil yolunun açılışında iştirak edib

Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb

Bakı. 11 avqust. REPORT.AZ/ Prezident İlham Əliyev Cəlilabad rayonuna səfəri çərçivəsində avqustun 11-də Alar-Təzəkənd-Üçtəpə-Əliqasımlı-Cəfərxanlı avtomobil yolunun açılışında iştirak edib.

"Report" xəbər verir ki, dövlət başçısı yolun rəmzi açılışını bildirən lenti kəsib.

Ölkədə yol-nəqliyyat infrastrukturunun yenidən qurulması işi, yeni yolların salınması, mövcudlarının isə əsaslı şəkildə yenidən qurulması ilə bağlı layihələr uğurla davam etdirilir. Bu gün beynəlxalq və respublika əhəmiyyətli magistral yolların salınması ilə yanaşı, yerli əhəmiyyətli, rayon və kənddaxili yolların müasir səviyyəyə çatdırılmasına xüsusi diqqət verilir. Dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq, ölkəmizin şəhər və rayonlarında mövcud avtomobil yollarının əsaslı təmiri və ya yenidən qurulması ümumilikdə regionların sosial-iqtisadi inkişafına mühüm töhfələr verir. Cəlilabad rayonunun Alar-Təzəkənd-Üçtəpə-Əliqasımlı-Cəfərxanlı yolu da bu baxımdan vacib əhəmiyyət daşıyır.

Prezident İlham Əliyev əvvəlcə rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Rayon sakinləri Baxış Mustafayev, Lyubov Danilova və Böyükxan Bağırlı respublikamızın bütün bölgələri kimi, Cəlilabadın da inkişafına göstərdiyi yüksək diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildiriblər.

Sonra xatirə şəkli çəkdirilib.

Tikintisinə 2014-cü ilin mayında başlanılan bu yolun inşası yüksək səviyyədə və keyfiyyətlə aparılıb. Yolun istifadəyə verilməsi həmin kəndlərdə yaşayan sakinlərin rahat və təhlükəsiz hərəkətini təmin etməklə yanaşı, bu kəndlərin inkişafında da mühüm rol oynayacaq.

Alar-Təzəkənd-Üçtəpə-Əliqasımlı-Cəfərxanlı avtomobil yolunun inşası üçün dövlətimizin başçısının 2013-cü ildə imzaladığı Sərəncama əsasən Prezidentin ehtiyat fondundan ilkin olaraq 2 milyon manat vəsait ayrılıb. Tikintinin davam etdirilməsi məqsədilə ötən il imzalanan Sərəncamla isə 2014-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 7 milyon manatı Cəlilabad Rayon İcra Hakimiyyətinə ayrılıb.

Avtomobil yolunun ümumi uzunluğu 21 kilometr, eni 8 metrdir. Yol dördüncü texniki dərəcəlidir. Bu yola 130 min kvadratmetrlik ikiqat asfalt döşənib. Altı yaşayış məntəqəsini, o cümlədən Alar, Təzəkənd, Üçtəpə, Əliqasımlı, Cəfərxanlı və Gülməmmədli kəndlərini əhatə edən yol ümumilikdə 23 mindən çox əhaliyə xidmət göstərəcək.

Şəhər və rayon mərkəzlərini qəsəbə və kəndlərlə birləşdirən yollar, eləcə də qəsəbə və kəndlərdəki ara yolların müasir səviyyəyə çatdırılması bir daha sübut edir ki, respublikada gedən sürətli sosial-iqtisadi inkişaf hər bir ucqar kəndi də geniş əhatə edir və ölkəmizin bütün vətəndaşlarına bu tərəqqidən pay düşür.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi