Yuxarı

Azərbaycan Prezidenti: "Biz 2015-ci ili uğurla başa vuracağıq, bütün sosial-iqtisadi göstəricilərimiz yüksək səviyyədədir"

Ölkələrin rəqabət qabiliyyətliliyinə görə Azərbaycan dünya miqyasında 40-cı yerdədir, bir çox inkişaf etmiş ölkələri də qabaqlayır

Bakı. 5 noyabr. REPORT.AZ/ "Cəmi on il ərzində Azərbaycanda yoxsulluq 50 faizdən 5 faizə düşüb. Mən, ümumiyyətlə, qarşıya vəzifə qoymuşam ki, Azərbaycanda yoxsulluq olmamalıdır. Azərbaycanda bir nəfər də olsun yoxsul şəraitdə yaşayan insan olmamalıdır və biz bu hədəfə yaxınlaşırıq".

"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Zaqatala şəhərində Heydər Əliyev Mərkəzinin açılışından sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib. 

Dövlət başçısı deyib: "Mən sizi səmimiyyətlə salamlayıram. Zaqatalada yenidən olmağımdan çox məmnunam. Bu, mənim Prezident kimi Zaqatalaya yeddinci səfərimdir. Bu, özlüyündə onu göstərir ki, Zaqatala rayonunun inkişafına, burada gedən işlərə çox böyük diqqət və dəstək verilir.

Bu gün Zaqatala üçün çox əlamətdar bir gündür. Gözəl bina – Heydər Əliyev Mərkəzi açılır. Yadımdadır ki, iki il bundan əvvəl elə bu yerdə bu binanın təməl daşını qoyduq və indi biz bunun açılışına toplaşmışıq. Doğrudan da həm memarlıq, həm də funksionallıq baxımından çox gözəl binadır. Ulu Öndərin adına yaraşan bir binadır.

Burada Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən materiallar, fotoşəkillər nümayiş etdirilir. Eyni zamanda, burada bir çox dərnəklər və studiyalar da var. Yəni, bu Mərkəzin çox böyük mənası var, funksional tərəfi çox gözəldir, müasirdir. Əminəm ki, Zaqatala sakinləri bu Mərkəzdən səmərəli şəkildə istifadə edəcəklər.

Zaqatalanın inkişafı ilə bağlı xüsusi tədbirlər görülür. Rayonda infrastruktur layihələrinin icrası uğurla gedir. Sənaye potensialı möhkəmlənir, güclənir. Bir sözlə, bu gün Zaqatala müasir şəhərdir. Əminəm ki, şəhərin və rayonun gələcək inkişafı da müsbət olacaqdır. Çünki biz çalışırıq ki, ilk növbədə əsas infrastruktur layihələrini icra edək. İki il bundan əvvəl Zaqatalanın içməli su problemi həllini tapmışdır. Bu gün bu layihələr ölkəmizdə geniş vüsət almışdır. Ancaq Zaqatala ilk rayonlardandır ki, içməli su problemi şəhərdə və bir neçə kənddə öz həllini tapmışdır. İndi şəhərə fasiləsiz içməli su verilir və bu, əlbəttə ki, insanların normal yaşaması üçün çox önəmli bir hadisədir.

Qazlaşdırma ilə bağlı işlər gedir. Şəhər demək olar ki, tam qazlaşdırılıbdır. Kəndlərdə hələ ki, görüləcək işlər var. Ancaq Zaqatalanın relyefini nəzərə alsaq görərik ki, burada hər bir kəndə qaz çəkmək o qədər də asan məsələ deyil. Buna baxmayaraq, Dövlət Neft Şirkətinə göstəriş verilmişdir ki, kəndləri maksimum dərəcədə, mümkün qədər qazlaşdırsın və bu problem də öz həllini tapsın.

Kənd yollarının tikintisi aparılır. Bu gün bir kənd yolunun rəsmi açılışı oldu. Eyni zamanda, digər layihələr var. Bilirəm ki, hələ kənd yollarının tikintisinə böyük ehtiyac var. Gələcək illərdə bu məsələlər də imkan daxilində öz həllini tapacaq.

Belə gözəl memarlıq abidələri yaradılır. Bu gün biz Müəllimlər İnstitutunun filialının açılışını qeyd edəcəyik. Məktəblər, uşaq bağçaları tikilir. Əlbəttə, mən istərdim ki, işlər daha da sürətlə getsin. Ancaq bildiyiniz kimi, imkan daxilində bütün bu işləri görürük, özü də hər bir yerdə, hər bir şəhərdə, hər bir rayonda.

Zaqatala aeroportunun yenidən qurulması və zolağın uzadılması prosesi başa çatandan sonra bu aeroport beynəlxalq status alacaqdır. Ümumiyyətlə, Zaqatala aeroportunun inşa edilməsi mənim təşəbbüsüm idi və aeroport tikildi. İndi isə qarşıya vəzifə qoyulubdur ki, zolaq daha da uzadılsın, bütün növ təyyarələr buraya enə bilsin. Belə olan halda həm beynəlxalq uçuşlar həyata keçiriləcək, həm də turistlərin axını daha da artacaq.

Zaqatalanın çox gözəl təbiəti var, görməli yerləri, tarixi və qədim memarlıq abidələri çoxdur. Mən çox istəyirəm ki, Azərbaycan vətəndaşları bunu görsünlər və ilk növbədə, daxili turizm inkişaf etsin. Eyni zamanda, xarici turistlər də gəlsinlər, görsünlər ki, Azərbaycanda nə qədər gözəl işlər gedir və necə səfalı, gözəl yerlər vardır.

Ölkəmizdə bütövlükdə işlər uğurla gedir. Biz 2015-ci ili uğurla başa vuracağıq, bütün sosial-iqtisadi göstəricilərimiz yüksək səviyyədədir. Baxmayaraq ki, bu gün dünyada hələ də böhran davam edir. Əslində, dünyada maliyyə və iqtisadi sahədə yaşanan böhran bir neçə ildir ki, davam edir. İndi bu böhrana siyasi və hərbi böhran əlavə olunubdur. İndi dünyada gedən prosesləri siz də izləyirsiniz. Görürsünüz ki, dünyanın müxtəlif yerlərində, bizim qonşuluğumuzda çox narahatedici proseslər gedir. Həm Avropada, həm MDB məkanında, Yaxın Şərqdə qanlı toqquşmalar, qarşıdurmalar baş verir, qan tökülür. Belə olan halda hər bir ölkə ilk növbədə öz təhlükəsizliyi haqqında daha da ciddi düşünməlidir. Əslində, biz bu barədə həmişə düşünmüşük. Azərbaycan xalqının təhlükəsiz şəraitdə yaşaması bizim üçün ən birinci prioritet məsələ idi. Çünki əgər biz buna nail ola bilməsə idik, heç bir inkişafdan söhbət gedə bilməzdi. Sabitlik olmayan yerdə inkişaf mümkün deyil.

Ancaq indiki şəraitdə buna daha da böyük diqqət göstərilir. Azərbaycanda təhlükəsizlik yüksək səviyyədə təmin edilir. Sabitlik möhkəmlənir, xalq ilə iqtidar arasındakı birlik daha da güclənir. Son parlament seçkiləri bunu bir daha təsdiqlədi. İlk növbədə, qeyd etməliyəm ki, parlament seçkiləri yüksək fəallıqla müşahidə olunurdu. Eyni zamanda, bütün demokratik normalar təmin edilmişdir. Ədalətli, şəffaf keçirilən seçkilər Azərbaycanın demokratik inkişafa nə qədər sadiq olduğunu bir daha göstərdi. Beş yüzdən çox xarici, on minlərlə yerli müşahidəçi dediyim bu sözləri təsdiqlədilər. Bütün beynəlxalq müşahidəçilər seçkilərin yüksək səviyyədə keçirildiyini qeyd etdilər. Onu da qeyd etdilər ki, bu seçkilər Azərbaycan xalqının iradəsini ifadə edib.

Bu, doğrudan da böyük nailiyyətdir, böyük uğurumuzdur. Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı ölkədə aparılan siyasəti bəyənir, dəstəkləyir və seçkilər vasitəsilə öz fikrini ifadə edir. Biz də çalışmalıyıq ki, bundan sonra da xalqın etimadını doğruldaq, ölkəmizdə aparılan prosesləri sürətləndirək ki, bir dənə də olsun sosial və iqtisadi problem qalmasın.

Son illər ərzində bu istiqamətdə çox böyük işlər görülmüşdür. Bütün beynəlxalq qurumlar bunu təsdiqləyir. Ölkələrin rəqabət qabiliyyətliliyinə görə Azərbaycan dünya miqyasında 40-cı yerdədir, bir çox inkişaf etmiş ölkələri də qabaqlayır. Eyni zamanda, yoxsulluğa, işsizliyə qarşı mübarizəmiz beynəlxalq təşkilatlar tərəfindən qiymətləndirilir. Bu yaxınlarda - sentyabr ayında BMT Azərbaycanı bu nailiyyətlərə görə yüksək mükafatla təltif etmişdir.

Son vaxtlar işsizliklə bağlı böyük addımlar atılmışdır. İşsizlik çox aşağı səviyyədədir. Ancaq dünyada gedən maliyyə böhranı nəticəsində işsizlik bir qədər arta bilər. Yəni, bəzi iş yerləri bağlanır. Ancaq açılan iş yerləri bağlanan yerlərdən daha da çoxdur və müsbət dinamika burada da özünü göstərmişdir. Əgər 30 min iş yeri bağlanıbsa, 67 min iş yeri açılıbdır.

Əlbəttə ki, gələcəkdə iqtisadi islahatların aparılması da prioritet olaraq qalacaq – sahibkarlığın, kənd təsərrüfatının inkişafı, ərzaq təhlükəsizliyinin təmin edilməsi. Bu sahələrdə Zaqatala rayonunun çox böyük potensialı var. Biz indi çalışmalıyıq ki, öz təbii imkanlarımızdan maksimum dərəcədə istifadə edək. Biz sahibkarlara daha da yaxşı şərait yaratmağa çalışmalıyıq ki, onlar daha da çox məhsul yetişdirsinlər və məhsulu daxili və xarici bazarlarda sata bilsinlər. Bu məqsədlə çox ciddi addımlar atılmışdır, mənim tərəfimdən Sərəncam imzalanmışdır, qanun qəbul edilmişdir ki, biznes mühitini biz daha da yaxşılaşdıraq, sahibkarlara heç kim mane olmasın, onların işinə heç kim müdaxilə etməsin.

Mən əminəm ki, görülən işlər nəticəsində Azərbaycan gələcəkdə də müsbət iqtisadi inkişaf dinamikasını saxlaya biləcək. Bunu etmək indiki şəraitdə o qədər də asan deyil. Bir çox ölkələrdə, həm qonşuluqda, həm dünyada iqtisadi tənəzzül, Azərbaycanda isə iqtisadi inkişaf yaşanır. Bu ilin doqquz ayında iqtisadiyyat təxminən 4 faiz, qeyri-neft iqtisadiyyatı 6 faizdən çox artmışdır. Əlbəttə ki, bu, görülən işlər nəticəsində mümkün olub. Ancaq əldə edilmiş nailiyyətlər bizi arxayınlaşdırmamalıdır. Bizim hər birimiz daha da fəal olmalıyıq, çalışmalıyıq ki, doğma Vətənimizi daha da irəliyə aparaq, Azərbaycanda bu gözəl ictimai-siyasi mühit daimi olsun. Əminəm ki, belə də olacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi