Milli Məclisin komitəsi beynəlxalq təşkilatları Azərbaycan hərbçisinin meyitinin qaytarılması üçün Ermənistana təzyiq etməyə çağırıb

Milli Məclisin komitəsi beynəlxalq təşkilatları Azərbaycan hərbçisinin meyitinin qaytarılması üçün Ermənistana təzyiq etməyə çağırıb "Beynəlxalq təşkilatları əsgərimizin nəşinin qaytarılması üçün işğalçı Ermənistan dövlətinin rəhbərliyinə təzyiq və təsirlərini artırmağa çağırırıq"
Daxili siyasət
23 Yanvar , 2017 15:07
Milli Məclisin komitəsi beynəlxalq təşkilatları Azərbaycan hərbçisinin meyitinin qaytarılması üçün Ermənistana təzyiq etməyə çağırıb

Bakı. 23 yanvar. REPORT.AZ/ Azərbaycan Milli Məclisinin İnsan hüquqları komitəsi ötən il dekabrın 29-da Azərbaycan-Ermənistan sərhədində baş verən təxribat zamanı nəşi Ermənistan tərəfdə saxlanılan Azərbaycan ordusunun əsgərinə qarşı göstərilən qeyri-insani münasibətlə əlaqədar beynəlxalq təşkilatlara bəyanat ünvanlayıb.

Parlamentin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, bəyanatda deyilir ki, 25 ildən artıqdır ki, Azərbaycan Respublikası ərazisinin 20 faizini işğal altında saxlayan Ermənistan Respublikası beynəlxalq hüquq normalarını kobudcasına pozmaqda davam edir: "2016-cı il dekabrın 29-da Azərbaycan Respublikasının dövlət sərhədini pozaraq təxribat törətməyə çalışan Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupunun irəliləməsinin qarşısını alarkən baş verən döyüşdə həlak olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əsgəri Çingiz Qurbanovun nəşinin verilməməsi buna bariz nümunədir.

Azərbaycan tərəfi bu məsələ ilə bağlı beynəlxalq təşkilatlara müraciət etmişdir. ATƏT-in Minsk qrupunun həmsədrləri və Avropa Şurasının Baş katibi cənab Torbyorn Yaqland bu il yanvarın 9-da və 11-də bəyanat verərək, Ermənistan Silahlı Qüvvələri tərəfindən qətlə yetirilmiş Azərbaycan əsgərinin nəşini dərhal qaytarmağa çağırmışlar. Onlar bu məsələdə beynəlxalq hüquq normalarının əsas götürülməsinin zəruriliyini bildirərək, ATƏT-in Minsk qrupunun 2010-cu il Həştərxan sammitində əldə edilmiş razılaşmalara uyğun olaraq Azərbaycan tərəfinin haqlı tələbini tam dəstəklədiklərini qeyd ediblər. Lakin edilmiş müraciətlərə baxmayaraq, Ermənistan Qarabağ döyüşlərində istifadə etdiyi praktikanı - cəsədlərdən qisas almağı və onlarla alver etməyi yenidən işə salmaqla Cenevrə konvensiyalarının tələblərini kobud şəkildə pozmaqda və əsassız iddialar irəli sürməkdə davam edir.

Hesab edirik ki, beynəlxalq hüquq normalarını, o cümlədən müharibə qurbanlarının müdafiəsi haqqında 1949-cu il 12 avqust tarixli Cenevrə konvensiyalarının və digər beynəlxalq aktların tələblərinə etinasızlıq göstərən Ermənistan Respublikasının qeyri-humanist hərəkətlərinə beynəlxalq birlik qəti və aydın münasibətini bildirməklə yanaşı problemin həllinə nail olmalıdır. Azərbaycan Respublikası Milli Məclisinin İnsan hüquqları komitəsi müvafiq beynəlxalq təşkilatları Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əsgəri Çingiz Qurbanovun nəşinin qaytarılması üçün zəruri və təxirəsalınmaz tədbirlər görməyə, işğalçı Ermənistan dövlətinin rəhbərliyinə təzyiq və təsirlərini artırmağa çağırır”.

Milli Məclisin İnsan hüquqları komitəsinin bu bəyanatı bütün aidiyyəti beynəlxalq qurumlara, o cümlədən ATƏT-ə, Avropa Şurasına, Qızıl Xaç Komitəsinə göndərilib. 

Son xəbərlər

Orphus sistemi