Azərbaycan parlamenti "Dini ekstremizmə qarşı mübarizə haqqında" qanun qəbul edib

Azərbaycan parlamenti "Dini ekstremizmə qarşı mübarizə haqqında" qanun qəbul edib Qanun dini ekstremistlərin həyatına, sağlamlığına və ya əmlakına ziyan vurulmasına icazə verir
Daxili siyasət
4 Dekabr , 2015 13:18
Azərbaycan parlamenti Dini ekstremizmə qarşı mübarizə haqqında qanun qəbul edib

Bakı. 4 dekabr. REPORT.AZ/ Azərbaycanda dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat zamanı dini ekstremistlərin həyatına, sağlamlığına və ya əmlakına ziyan vurulmasına icazə veriləcək. "Report" xəbər verir ki, bununla bağlı məsələ yeni hazırlanan "Dini ekstremizmə qarşı mübarizə haqqında" qanun layihəsində öz əksini tapıb.

Hüquq siyasəti və dövlət quruculuğu, İctimai birliklər və dini qurumlar komitələrinin birgə hazırladığı layihə üç fəsil 15 maddədən ibarətdir. Yeni qanun layihəsinə əsasən, dini ekstremizm, dini fanatizm və dini radikalizm hallarının aşkarlanmasına və qarşısının alınmasına və bu hallar nəticəsində dəyə biləcək zərərin minimuma endirilməsinə kömək edə biləcək məlumatların müvafiq dövlət orqanlarına vermək hər kəsin borcudur.

Qanun layihəsində qeyd olunub ki, dini ekstremist fəaliyyətində iştirak edən şəxslər Cinayət, İnzibati Xətalar və Mülki məcəllələr ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Dini ekstremist fəaliyyətilə məşğul olan hüquqi şəxslərin qeydiyyatı ləğv edilir və onların fəaliyyəti qadağan edilir.

Layihəyə əsasən, Azərbaycan qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat zamanı dini ekstremistlərin həyatına, sağlamlığına və ya əmlakına ziyan vurulmasına yol verilir. Dini ekstremizmə qarşı mübarizədə iştirak edən şəxs dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat zamanı vurulmuş ziyana görə məsuliyyət daşımır.

Əsas məqsəd cəmiyyətin və dövlətin təhlükəsizliyinin təmin edilməsi, dini ekstremizmin aşkar edilməsi, qarşısının alınması və dini ekstremizm nəticəsində gözlənilən zərərin minimuma endirilməsi, dini ekstremizmin yaranması və dini ekstremist fəaliyyətin həyata keçirilməsi səbəblərinin və şəraitinin, habelə dini ekstremizmin maliyyələşdirilməsi hallarının aşkar və ləğv edilməsidir.

Qeyd edək ki, layihə səsvermədən sonra I oxunuşda qəbul olunub. 

Son xəbərlər

Orphus sistemi