Yuxarı

​Azərbaycan Nazirlər Kabinetinə yeni səlahiyyət verilib

Dövlət başçısı bununla bağlı sərəncam imzalayıb

Bakı. 29 fevral. REPORT.AZ/ “Nüvə texnologiyalarından dinc məqsədlərlə istifadə üçün Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində “Milli Nüvə Tədqiqatları Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Prezidentinin 2014-cü il 8 may tarixli 442 nömrəli sərəncamında dəyişiklik edilib.

“Report”un xəbərinə görə, dəyişikliklə bağlı sənədi Prezident İlham Əliyev imzalayıb.

Sənədə əsasən, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində səhmləri dövlətə məxsus Milli Nüvə Tədqiqatları Mərkəzinin səlahiyyətlərinin həyata keçirilməsi bir neçə dövlət orqanına həvalə edilib.

İndiyədək Nazirlər Kabineti Cəmiyyətin Nizamnaməsinin və strukturunun təsdiqi, nizamnamə kapitalının miqdarının müəyyən edilməsi, inkişaf istiqamətlərinin müəyyən edilməsi, törəmə müəssisələrinin, habelə idarə, filial və nümayəndəliklərinin rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsinə razılıq verilməsi, eləcə də xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) bağlanmasına razılıq verilməsi səlahiyyətinə malik idi.

Dəyişikliklə Cəmiyyətin xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin beş faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edilməsi də Nazirlər Kabinetinə həvalə edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi