Bakı. 30 dekabr. REPORT.AZ/ Azərbaycan Milli Məclisinin payız sessiyasının sonuncu plenar iclası başlayıb. “Report” xəbər verir ki, Oqtay Əsədovun sədrliyilə keçirilən iclasın gündəliyinə ümumilikdə 21 məsələ daxil edilib.
Bu sıraya “Hərbi vəzifə və hərbi xidmət haqqında”, “Dövlət qulluğu haqqında”, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında”, “Aviasiya haqqında”, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanunlara, İnzibati Xətalar və Əmək məcəllələrinə əlavə və dəyişikliklər edilməsi və digər məsələlər daxildir.
Bundan başqa, “G.L.Rzayevanın Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi haqqında”, “Avropa Şurasının immunitet və imtiyazları haqqında Baş Sazişə dair Altıncı Protokolun təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında” məsələləri də müzakirəyə çıxarılacaq.
Həmçinin, “Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə Azərbaycan Respublikası Milli Məclisinin müraciətinin təsdiq edilməsi haqqında” məsələ də müzakirə olunacaq.