“Azərbaycan gəncləri 2016-2020-ci illərdə” Dövlət Proqramı müzakirə olunub

“Azərbaycan gəncləri 2016-2020-ci illərdə” Dövlət Proqramı müzakirə olunub Nazir müavini: “Paralel olaraq qısa və uzunmüddətli dövlət proqramları ortaya çıxa bilər”
Daxili siyasət
26 May , 2015 15:42
“Azərbaycan gəncləri 2016-2020-ci illərdə” Dövlət Proqramı müzakirə olunub

Bakı. 26 may. REPORT.AZ/ Bu gün Gənclər və İdman Nazirliyində “Azərbaycan gəncləri 2016-2020-ci illərdə” Dövlət Proqramı layihəsinin müzakirəsi keçirilib. “Report” xəbər verir ki, müzakirələrdə dövlət proqramı ilə bağlı bir neçə təklif səsləndirilib.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, hazırda Azərbaycanda gənclər sahəsində yeni dövlət proqramı layihəsinin üzərində çalışılır: “Geniş hesabat hazırlanr və işlər artıq yekunlaşmaq üzrədir. Proqramın maddi təminatını təmin etmək üçün dövlət proqramının məhz bu il müddətində ölkə başçısına təqdim olunmasının tərəfdarıyıq. Hesab edirəm ki, bu məsələ ilin sonuna kimi təsdiqini tapacaq”.

Nazir müavini əlavə edib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə gənclər sahəsində uzun illəri əhatə edən “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” qəbul edilib: “Bu illər ərzində iki dövlət proqramı hazırlamaq olar. Hələlik 2016-2020-ci illəri əhatə edən proqramın qəbul olunması istiqamətində hazırlıq işləri görülür. Bununla yanaşı, paralel olaraq qısa və uzunmüddətli dövlət proqramları ortaya çıxa bilər”.

Təkliflər arasında əsasən yaradıcı gənclərin nailiyyətlərinin nümayiş etdirilməsi üçün şəraitin yaradılması və problemlərinin öyrənilməsi, onların həlli yollarının müəyyənləşdirilməsi məqsədilə 2017-ci ildə istedadlı və yaradıcı gənclərin III respublika toplantısının keçirilməsi, gənc alimlərin iştirak etdiyi layihələrə qrantların verilməsi üzrə müsabiqələrin təşkili, gənc alimlərin təcrübə mübadiləsi üçün şəraitin yaradılması kimi məsələlər yer alıb. Həmçinin gənclərlə bağlı müasir teleradio layihələrinin hazırlanması, internet resurslarının inkişafı, yerli və beynəlxalq elmi-praktiki konfrans, forum, seminar və digər tədbirlərin keçirilməsi təklifi irəli sürülüb.

Bundan başqa, Dövlət Proqramında xaricdə tələbə, gənc alim və tədqiqatçılara Azərbaycan mədəniyyəti və incəsənəti sahəsində araşdırmaların aparılması və elmi işlərin hazırlanması üçün birdəfəlik təqaüd proqramlarının hazırlanmasının nəzərdə tutulması üçün də təkliflə səsləndirilib.

Xatırladaq ki, “Azərbaycan gəncləri 2007-2015-ci illərdə” Dövlət Proqramının icrası bu il başa çatır.

Son xəbərlər

Orphus sistemi