“Azərbaycan Dəmir Yolları” QSC Nəqliyyat Nazirliyinin tabeliyindən çıxarılıb

“Azərbaycan Dəmir Yolları” QSC Nəqliyyat Nazirliyinin tabeliyindən çıxarılıb QSC-nin ümumi yığıncağının səlahiyyətlərinin həyata keçirilməsi Nazirlər Kabinetinə və Dövlət Komitəsinə dövlət orqanlarına həvalə edilib
Daxili siyasət
18 Sentyabr , 2015 17:19
“Azərbaycan Dəmir Yolları” QSC Nəqliyyat Nazirliyinin tabeliyindən çıxarılıb

Bakı. 18 sentyabr. REPORT.AZ/ Prezident İlham ƏliyevAzərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” sərəncamda dəyişikliklər edilməsi və Səhmdar Cəmiyyətinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə fərman imzalayıb. “Report”un xəbərinə görə, fərman ölkənin nəqliyyat sektorunun idarə edilməsinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən islahatlar çərçivəsində nəqliyyatın əsas sahələrindən biri olan dəmir yolunda müasir tələblərə cavab verən infrastrukturun yaradılmasını, yüksəkkeyfiyyətli nəqliyyat xidmətləri göstərilməsini və Bakı-Tbilisi-Qars, Şimal-Cənub dəmir yolu marşrutları ilə yükdaşımaların rəqabət qabiliyyətinin artırılmasını təmin etmək məqsədi ilə verilib.

Fərmana əsasən, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti (QSC) Nəqliyyat Nazirliyinin tabeliyindən çıxarılıb.

QSC-nin ümumi yığıncağının səlahiyyətlərinin həyata keçirilməsi Nazirlər Kabinetinə və Əmlak Məsələləri Dövlət Komitəsinə dövlət orqanlarına həvalə edilib.

Fərmanla müəyyən edilib ki, QSC sədrinin və sədr müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, Cəmiyyətin yenidən təşkili və ləğvi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir.

QSC-nin idarə, nümayəndəlik və filiallarının, habelə törəmə cəmiyyətlərinin rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi Cəmiyyətin özü tərəfindən həyata keçirilir.

Cəmiyyətin idarə, nümayəndəlik və filiallarının yaradılması və ləğvi, törəmə cəmiyyətlərinin yaradılması, yenidən təşkili və ləğvi Cəmiyyət tərəfindən həyata keçirilir və bu barədə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə məlumat verilir.

Dəmir yolu daşımalarında, o cümlədən beynəlxalq yükdaşımalarda göstərilən xidmətlərin tarifləri, yığımlar, habelə tariflər üzrə güzəştlər Cəmiyyət tərəfindən müəyyən edilir. Cəmiyyətin gəlirləri faktiki daxilolmalar əsasında tariflərə tətbiq olunan güzəştlər nəzərə alınmaqla hesablanır.

Sənədə əsasən, Cəmiyyətin və onun təşkilatlarının fəaliyyətinə, habelə onlar tərəfindən həyata keçirilən dəmir yolu infrastrukturunun inşası, cari və əsaslı təmiri, yenidən qurulması və bərpası məqsədi ilə həyata keçirilən fəaliyyət üçün xüsusi razılıq (lisenziya) alınması tələb olunduqda, həmin xüsusi razılıq (lisenziya) alınmış hesab edilir və yenidən alınması tələb olunmur.

Dəmir yolunun iştirakı ilə bərə, liman vasitəsilə tranzit daşımaları üzrə vahid tariflər və tətbiq edilən güzəştli əmsallar “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti və neft məhsullarının yükaşırma terminallarının təklifləri nəzərə alınmaqla Cəmiyyət tərəfindən müəyyən edilir.

İstehsal-təsərrüfat ehtiyaclarını təmin etmək üçün malların (işlərin, xidmətlərin) satın alınması üzrə əməliyyatlar beynəlxalq təcrübəyə və qanunvericiliyin tələblərinə uyğun Cəmiyyət tərəfindən həyata keçirilir.

Cəmiyyətin, törəmə cəmiyyətlərinin, habelə idarə, filial və nümayəndəliklərinin balansında olan əmlaka münasibətdə sərəncam vermək hüququ, o cümlədən həmin əmlakın balansdan balansa, icarəyə və istifadəyə verilməsi, Cəmiyyətin iştirak etdiyi birgə layihələrə pay şəklində qoyulması, silinməsi (ləğv edilməsi), qiymətləndirilməsi, təyinatının dəyişdirilməsi səlahiyyətləri Cəmiyyət tərəfindən həyata keçirilir.

Əmlakının icarəyə verilməsindən və balansdan silinən əsas vəsaitin satışından əldə olunan gəlirlər Cəmiyyətin büdcəsinə daxil edilməklə dəmir yolu infrastrukturunun inkişafına sərf olunur.

Nazirlər Kabinetinə “Dəmir yolu nəqliyyatı haqqında” Azərbaycan Respublikası qanununun layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.

Bundan başqa, NK dəmir yolunun ölkədaxili daşımalarla yanaşı, regional və beynəlxalq daşımalarda artan rolunu nəzərə alaraq, onun fəaliyyətinin səmərəli və müasir tələblərə cavab verən səviyyədə qurulması və bunun üçün lazımi həcmdə sərmayənin cəlb edilməsini təmin etmək məqsədi ilə “Azərbaycan dəmir yolunun 2016-2020-ci illərdə inkişafı Dövlət Proqramı”nın layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Həmçinin, hökumətə Azərbaycan Respublikasının ərazisindən tranzit olaraq daşınan neft və neft məhsullarının həcminin artırılması məqsədi ilə mövcud yükaşırma terminallarından səmərəli istifadə olunması və onların dəmir yolu ilə koordinasiyalı iş rejiminin təşkili ilə bağlı təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək; tranzit daşımaları, xüsusilə də nəqliyyat növünün dəyişməsi ilə müşayiət olunan tranzit yük daşımaları üzrə sərhəd, gömrük və vergi prosedurlarının sadələşdirilməsi ilə bağlı təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək; “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin nizamnamə kapitalının artırılması, onun maliyyə-təsərrüfat fəaliyyətinin sağlamlaşdırılması və kreditor borclarının restrukturizasiyası ilə bağlı zəruri tədbirlər görsün və nəticəsi barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək; “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin əsas fəaliyyət istiqamətinə aid olmayan, eyni zamanda, saxlanılması üçün xeyli vəsait tələb edən (qeyri-profilli) aktivlərin realizə edilməsindən əldə olunan vəsaitin dəmir yolu infrastrukturunda bərpa və yenidənqurma işlərinin maliyyələşdirilməsinə yönəldilməsini təmin etmək məqsədi ilə tədbirlər görmək tapşırılıb.

Son xəbərlər

Orphus sistemi