​Azərbaycan daxili işlər nazirinin yeni müavini: “Yol verilmiş nöqsan və çatışmazlıqlar qısa müddətdə aradan qaldırılmalıdır”

​Azərbaycan daxili işlər nazirinin yeni müavini: “Yol verilmiş nöqsan və çatışmazlıqlar qısa müddətdə aradan qaldırılmalıdır” Cənub, Aran və Qarabağ bölgələri üzrə zona müşavirəsi keçirilib
Daxili siyasət
15 Noyabr , 2014 16:57
​Azərbaycan daxili işlər nazirinin yeni müavini: “Yol verilmiş nöqsan və çatışmazlıqlar qısa müddətdə aradan qaldırılmalıdır”
Bakı. 15 noyabr. REPORT.AZ/ Bu gün Şirvan Şəhər Polis Şöbəsində Azərbaycanın Cənub, Aran və Qarabağ bölgələrinin ərazi polis orqanları rəislərinin xidmət üzrə müavinlərinin və qeydiyyat və şəxsiyyət vəsiqəsi qurumları əməkdaşlarının iştirakı ilə zona müşavirəsi keçirilib. Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Müşavirədə cari ilin ötən dövründə aidiyyatı xidmət tərəfindən görülən işlər, o cümlədən bələdiyyə seçkiləri ilə bağlı polis orqanlarının qarşısında duran vəzifələr geniş müzakirə edilib. Toplantıda respublika daxili işlər nazirinin müavini, polis general-mayoru İsmət Əliyev iştirak edib.

DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi, polis general-mayoru Ərziman Əliyev görülən işlər, xidməti fəaliyyədə buraxılmış nöqsanlar, qarşıda duran vəzifələr barədə məruzə ilə çıxış edib. Daha sonra məruzə ətrafında müxtəlif çıxışlar dinlənilib, mövzu ilə bağlı məsələlər barədə müzakirə və fikir mübadiləsi aparılıb.

Tədbirə yekun vuran polis general-mayoru İsmət Əliyev sonuncu əməliyyat müşavirəsində daxili işlər naziri, general-polkovnik Ramil Usubovun qeyd etdiyi iradları xatırladaraq, fəaliyyətdə yol verilmiş nöqsan və çatışmazlıqların, polisin cəmiyyət arasında yüksək nüfuzuna və işgüzar imicinə xələl gətirən neqativ halların qısa müddətdə aradan qaldırılmasının zəruriliyini bildirib. Nazir müavini xidməti fəaliyyətin daha da təkmilləşdirilməsinin, vətəndaş məmnunluğunun təmin olunmasının, bələdiyyə seçkilərinədək səsvermə hüququ olan bütün vətəndaşlara şəxsiyyəti təsdiqləyən sənədlərin verilməsinin, eyni zamanda, görülən işlər barədə kütləvi informasiya vasitələri ilə ölkə ictimaiyyətini mütəmadi olaraq məlumatlandırılmasının vacibliyi barədə müşavirə iştirakçılarına DİN rəhbərliyinin tövsiyyələrini çatdırıb, hər bir əməkdaşdan üzərinə düşən vəzifələri yüksək səviyyədə və layiqincə yerinə yetirməyi tələb edib.

Qeyd edək ki, polis general-mayoru İsmət Əliyev daxili işlər nazirinin müavini vəzifəsinə bu il oktyabrın sonunda təyin edilib.

Son xəbərlər

Orphus sistemi