Azad Rəhimov Zirvə Toplantısında iştirak etdi

Azad Rəhimov Zirvə Toplantısında iştirak etdi Gənclər və İdman Naziri Azad Rəhimov Şərq Tərəfdaşlığı ölkələrində gənclər siyasəti dialoqunun gələcəyi mövzusunda keçirilən Forumda&iştirak edib.&
Daxili siyasət
222
3 İyul , 2020 10:50
Azad Rəhimov Zirvə Toplantısında iştirak etdi
Azad Rəhimov

Gənclər və İdman naziri Azad Rəhimov Şərq Tərəfdaşlığı ölkələrində gənclər siyasəti dialoqunun gələcəyi mövzusunda onlayn Forumda iştirak edib. Nazirliyin mətbuat katibi Samaya Məmmədovanın "Report"a verdiyi məlumata görə, Rəhimov pandemiya dönəmində həyata keçirdikləri işlərin demək olar ki, yenidən bərpa olunduğunu, fəaliyyətin aktivləşdiyini ilk olaraq diqqətə çatdırıb. O, Azərbaycanın müharibə şəraitində olduğunu və 20% torpaqlarının Ermənistan tərəfindən işğal edildiyini söyləyib, konfliktlərin gənclər siyasətinin inkişafına mənfi təsir göstərdiyini bildirib.

Gənclərin inkişafı üçün görülən işlərdən danışarkən nazir hər üç ildən bir keçirilən və bütün ölkə gənclərini əhatə edən Gənclər Forumu, 2005 - 2009, 2011 - 2015 və hazırda icrası davam etməkdə olan “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramı, 1995-ci ildən nazirlik nəzdində fəaliyyət göstərən İctimai Şura, eyni zamanda, “Heydər Əliyev Liderlik Məktəbi”, Nazirliyin BMT-nin İnkişaf Proqramı ilə birgə həyata keçirdiyi “Qlobal siyasi müzakirələrdə gənclərin aktivliyinin təmin edilməsi üçün yeni platformanın yaradılması” layihələri və digər mühüm işlərdən danışıb: "Dialoq insanlar arasında ünsiyyətin qurulmasında müstəsna rol oynayır. Lakin bu ünsiyyət qarşılıqlı anlayış və bilik səviyyəsində olmalıdır ki, burada da gənclərin daim hazırlıqlı olmaları əsas faktordur. Bu səbəbdən, qeyri-formal təhsilin bu dönəmdə əsas resurs olduğunu hesab edə bilərik. Bu gün ölkəmizdə 30 Gənclər Evi fəaliyyət göstərir ki, onlar da gənclərin inkişafında böyük rol oynayır. Düşünürəm ki, siyasi dialoqun daha effektiv qurulmasında əyalət gənclərinin iştirakçılığının artırılması, qeyri-formal təhsilin sistematik inkişafı, gənclər üçün sosial təcrübənin artırılması gənclər siyasəti dialoqunun gələcəyinin 3 əsas istiqaməti kimi göstərilə bilər".

Qeyd edək ki, “Gənclər ehtiyaclarını və fikirlərini müzakirə etmək üçün gənclər təşkilatları, qərar qəbul edənlər və mütəxəssislərlə necə görüşürlər?”, “Gənclər dialoqunu asanlaşdırmaq üçün hansı idarəetmə strukturları və çərçivələr ən təsirli və səmərəlidir?”, “Milli maraqlı tərəflərin istifadə etdikləri vasitə və yanaşmalar hansılardır?”, “COVİD-19 pandemiyasının gənclər siyasəti dialoqunun inkişafında bugünkü vəziyyətə və gələcəyə təsiri nədən ibarətdir?” sualları panelin əsas müzakirə mərkəzində olub.

Forumda Ukraynanın Gənclər və İdman Nazirinin müavini Marina Popatenko, Gürcüstan Milli Gənclər Agentliyinin rəhbəri Revaz Çarkviani, Sloveniya Gənclər Bürosunun direktor vəzifəsini icra edən Dolores Kores, Belarusun Avropa Ekspertiza və Kommunikasiya Bürosunun eksperti Marina Korj, Litavdan sərbəst təlimçi Laimonas Raqauskas, Almaniyanın Federal Əmək və Sosial İşlər Nazirliyinin dövlət katibi Rolf Şmaktenberq, Avropa Gənclər Forumu İdarə Heyətinin üzvü Benjamin Günther və digər rəsmilər çıxış ediblər.

Son xəbərlər

Orphus sistemi