Yuxarı

​Azərbaycanda siyasi partiyalara il ərzində veriləcək ianələrin maksimum həddi müəyyənləşdirilib

Sentyabrın 16-da Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Sosial siyasət komitələrinin birgə iclası keçirilib

Bakı. 16 sentyabr. REPORT.AZ/ Sentyabrın 16-da Azərbaycan Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu və Sosial siyasət komitələrinin birgə iclası keçirilib.

Bu barədə Report-a Azərbaycan Milli Məclisindən  məlumat verilib.

İclasa sədrlik edən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli 2014-cü ilin yaz və növbədənkənar sessiyaları ərzində rəhbərlik etdiyi komitədə görülmüş işlər və payız sessiyası üçün qanunvericilik işləri planı barədə məlumat verib.

Gündəlikdəki məsələlərin müzakirəsinə “Ailə Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsi ilə başlanılıb. Sənədlə bağlı Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli məlumat verib. O qeyd edib ki, təklif edilən dəyişikliyə əsasən, nikaha daxil olan şəxslərdən biri özündə dəri-zöhrəvi xəstəliyinin və ya immun çatışmazlığı virusunun olmasını bildiyi halda digərindən gizlədərsə, qarşı tərəf nikahın etibarsız sayılması tələbi ilə məhkəməyə müraciət edə bilər. H.Rəcəbli bildirib ki, nikahla bağlı qanuna təklif edilən dəyişikliklər Azərbaycanın milli genefondunun qorunması üçün atılan addımlardır. Layihəyə görə, nikaha daxil olanların tibbi müayinəsi və müəyyən məsləhətlərin verilməsi tərəflərin razılığı ilə yaşayış yerindəki dövlət və bələdiyyə tibb müəssisələrində pulsuz həyata keçirilir.

İclasın gündəliyində duran növbəti məsələ “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunda dəyişikliklər edilməsi barədə sənəd olub. Layihəyə görə, xarici dövlətdə mövcud olan qeyri-hökumət təşkilatı (QHT) digər təşkilatla birləşdikdə, bölündükdə və ya təşkilati-hüquqi formasını dəyişdikdə onun Azərbaycan ərazisindəki filialı və ya nümayəndəliyi ləğv edilir.

Sonra komitədə “Siyasi partiyalar haqqında” qanunda dəyişiklik edilməsi barədə sənədə baxılıb. Әli Hüseynli qeyd edib ki, qanun layihəsinə əsasən, siyasi partiyaların üzvlük haqqı onların nizamnamələrində aydın şəkildə göstərilməlidir. Bununla yanaşı, siyasi partiyalara verilən ianələrin yuxarı həddi də müəyyən edilib. Siyasi partiyalara bir il ərzində ən çoxu 10 min manat ianənin verilməsi nəzərdə tutulur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi