​AXCP ilə Müsavat Partiyası arasında yeni qalmaqal yaranıb

​AXCP ilə Müsavat Partiyası arasında yeni qalmaqal yaranıb Müsavat başqanının müavini: "AXCP-nin belə ucuz təbliğat aparması təəssüfedicidir"
Daxili siyasət
25 Fevral , 2015 12:10
​AXCP ilə Müsavat Partiyası arasında yeni qalmaqal yaranıb

Bakı. 25 fevral. REPORT.AZ/ "Müsavat Partiyası Tovuz Rayon Təşkilatının 67 üzvünün AXCP-yə qoşulması tam doğru məlumatdır".

Bunu "Report"a açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Qəhrəmanlı deyib. O bildirib ki, Tovuz Rayon Təşkilatının toplantısında 40 nəfər iştirak edib: "Hava soyuq olduğu üçün digərləri toplantıya qatıla bilməyib. Toplantıda qərara alınıb ki, AXCP-yə üzvlüklə bağlı müraciət edilsin. Beləliklə, 67 nəfərin adından müraciət olunub. Bizim olmayan bir hadisəni ictimailəşdirməyə ehtiyacımız yoxdur".

Müsavat Partiyası başqanının müavini Səxavət Soltanlı isə "Report"a deyib ki, çayxanada toplanmış və Müsavat Partiyasına aid olmayan insanların şəkillərinin paylaşılması və bundan istifadə edilməsi ciddi siyasətçi və ciddi qəzet üçün utancvericidir.

O bildirib ki, Müsavatın Tovuz Rayon Təşkilatından 67 nəfər istefa verməyib: "Tovuz Rayon Təşkilatından üç nəfər istefa verib. İstefa verənlərin qohumlarını hansısa çayxanaya yığıb, şəkil çəkmələri ciddi qəbul oluna bilməz. Partiyadan istefalar yalnız ərizələr ilə qəbul olunur. İstefa verən adamların adlarını qeyd etmək lazım idi. Əslində bu məsələ ətrafında danışmağın özü belə vaxt itkisidir".

S.Soltanlı AXCP-nin belə ucuz təbliğat aparmasının təəssüfedici olduğunu qeyd edib: "Bir müddət öncə analoji hal AXCP-nin Sumqayıt təşkilatında baş vermişdi. O zaman da dedik ki, bu, qeyri-ciddi addımdır. Yəni, bu cür hal istər AXCP-də, istərsə də Müsavatda olsun, ciddi qəbul oluna bilməz".

Son xəbərlər

Orphus sistemi