Yuxarı

Azərbaycanda avtobus sürücüləri üçün yaş həddi tələbinə məhdudiyyət qoyulacaq

Qanun layihəsi avtobuslarla sərnişin daşıyan sürücülərə dair tələblərin yenilənməsi məqsədilə hazırlanıb

Bakı. 5 fevral. REPORT.AZ/ Azərbaycanda avtobus sürücüləri üçün tələb olunan yaş həddi tələbinə məhdudiyyət qoyulacaq. "Report" xəbər verir ki, bununla bağlı "Avtomobil nəqliyyatı haqqında" qanun layihəsinə dəyişiklik edilməsi təklif edilib.

Dəyişikliyə əsasən, sərnişin avtomobil nəqliyyatı vasitələrinin sürücülərinə dair tələblər sərtləşdirilib. Belə ki, avtobuslarla sərnişin daşımalarına "D" kateqoriyası üzrə nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi olan, (yaşı 22-dən az və 65-dən çox olmayan və avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübəsi beş ildən az olmayan), eləcə də "DE" kateqoriyası üzrə nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi olan, (yaşı 25-dən az və 65-dən çox olmayan və "D" kateqoriyasına daxil olan avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübəsi üç ildən az olmayan) sürücülər buraxılacaq.

Xatırladaq ki, mövcud qanunvericiliyə görə avtobuslarda sərnişin daşımalarına "D" kateqoriyası üzrə nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi olan, yaşı 21-dən, "DE" kateqoriyası üzrə nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürüclük vəsiqəsi olan, yaşı 24-dən və avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübəsi üç ildən az olmayan sürücülər buraxılır.

Qanun layihəsi avtomobil nəqliyyatı ilə sərnişin daşımaları sahəsində təhlükəsizliyin təmin edilməsi və məsuliyyətin artırılması ilə əlaqadər sərnişin avtomobil nəqliyyatı vasitələrini idarə edən (avtobuslarla sərnişin daşıyan) sürücülərə dair tələblərin yenilənməsi məqsədilə hazırlanıb.

Qeyd edək ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirəyə çıxarılan qanun layihəsinə təklif edilən dəyişiklik parlamentin fevralın 12-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi