Bakı. 14 mart. REPORT.AZ/ ATƏT-in Parlament Assambleyasının (PA) qısamüddətli müşahidə missiyasının koordinatoru Nilza Sena (Portuqaliya) Azərbaycanda prezidentliyə namizədlərlə görüşüb.
“Report”un xəbərinə görə, görüşdə prezidentliyə qeydə alınan namizəd İlham Əliyevin səlahiyyətli nümayəndəsi Siyavuş Novruzov, prezidentliyə qeydə alınan namizəd Qüdrət Həsənquliyevin səlahiyyətli nümayəndəsi Elçin Mirzəbəyli, prezidentliyə qeydə alınan namizəd Araz Əlizadə, prezidentliyə qeydə alınan namizəd Fərəc Quliyev, prezidentliyə qeydə alınan namizəd Razi Nurullayev, prezidentliyə qeydə alınan namizəd Zahid Oruc, prezidentliyə qeydə alınan namizəd Hafiz Hacıyev və prezidentliyə namizədlər Əli Əliyev, Sərdar Cəlaloğlu və Tural Abbaslı iştirak ediblər.
Prezidentliyə namizəd Tural Abbaslı “Report”a açıqlamasında deyib ki, görüşdə Azərbaycandakı seçki vəziyyəti müzakirə olunub, bu istiqamətdə fiki mübadiləsi aparılıb: “Koordinator Azərbaycandakı seçki mühiti ilə bağlı fikirlərimizi soruşdu, bu istiqamətdə müzakirələr apardıq. Koordinator bildirdi ki, seçkilərin müşahidəsi obyektiv şəkildə həyata keçiriləcək”.
Xatırladaq ki, Mərkəzi Seçki Komissiyası hələlik T.Abbaslının, S.Cəlaloğlunun, Ə.Əliyevin namizədliyinin qeydə alınması məsələsinə baxmayıb.
Qeyd edək ki, Azərbaycanda prezident seçkiləri aprelin 11-nə təyin edilib.