Bakı. 30 dekabr. REPORT.AZ/ "Partiya rəhbərliyi ilə aramızda yaranan fikir ayrılıqlarından biri Nizamnamə normalarına əməl olunmaması ilə bağlıdır".
Bunu "Report"a açıqlamasında Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) Salyan rayon təşkilatının sədri və partiya daxilində yaradılan Demokratik Birlik Fraksiyasının həmtəsisçisi Ədalət Yusubov deyib.
O bildirib ki, qurultay üç ildən bir keçirilməlidir və bu müddət 2014-cü ilin iyun ayında bitib: "Qurultayın gecikdirilməsi Nizamnamə pozuntusudur. Nizamnaməyə uyğun olaraq, Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin funksiyasını İdarə Heyəti yerinə yetirir. Düşünürəm ki, bu, qurultayın keçirilməsi üçün yetərli deyil. Qurultayla bağlı təkliflərimiz əhəmiyyətlidir, bunlar nəzərə alınmayıbsa, nə edə bilərik? Partiya rəhbərliyi qurultayın yüksək səviyyədə keçirilməsini istəyirsə, rayon təşkilatlarının da qurultayda iştirakını təmin etməlidir. Ümid edirəm, rəhbərlik bununla bağlı düşünəcək".
Partiya sədrliyinə iddisaının olmadığını qeyd edən Ə.Yusubov deyib ki, fraksiya daxilindən kimsə namizədliyini irəli sürəcəksə, onu dəstəkləyəcək: "Hər bir üzvün birinciliyə iddiası normal haldır. Buna kimsə qısqanclıqla yanaşa bilməz. Hələlik sədrliyə namizəd olmaqla bağlı iddiam yoxdur. Amma fraksiyadan kimsə namizədliyini irəli sürərsə, təbii ki, biz həmin şəxsin seçilməsinə çalışacağıq".