Yuxarı

Robert Uolter: "Ermənistan AŞPA-da məruzənin hazırlanması işinin mənə tapşırılmasını böyük etirazla qarşıladı"

Onlar Dağlıq Qarabağ məsələsi üzrə məruzənin ATƏT-in Minsk qrupu tərəfindən hazırlanmasının istəyirdilər

Bakı. 12 mart. REPORT.AZ/ Bu gün Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Siyasi işlər və demokratiya komitəsinin Dağlıq Qarabağ münaqişəsi üzrə məruzəçisi Robert Uolterlə Milli Məclisdə təmsil olunan siyasi partiya nümayəndələrinin görüşü olub. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli yolları, regionda və dünyada sülhün bərqərar olması üçün atılan addımlar, bu istiqamətdə səylərin gücləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

MM-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, YAP icra katibinin müavini Siyavuş Novruzov bildirib ki, Milli Məclisin tərkibi Azərbaycanın siyası palitrasını özündə tam şəkildə əks etdirir: "Azərbaycanda fəaliyyət göstərən 50 siyasi partiyanın 11-i parlamentdə təmsil olunur". O, qonağa ölkədə insan hüquqlarının təminatı, digər ölkə və parlamentlərlə qarşılıqlı əməkdaşlığın perspektivləri barədə məlumat verib, Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri layiqincə yerinə yetirməsindən, qurumla əlaqələrin inkişafına tərəfdar olduğundan, iyun ayında Bakıda keçiriləcək I Avropa Oyunlarına hazırlıq işlərinin gedişatından, qarşıda duran növbəti parlament seçkilərindən söz açıb. Millət vəkili vurğulayıb ki, 20 ildən artıqdır davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi bütün regionun təhlükəsizliyini ciddi təhdid altında saxlayır. Son vaxtlar Ermənistan silahlı qüvvələri tərəfindən təmas xəttində atəşkəs gün ərzində 30-35 dəfə pozulur. Deputat öz doğma və əzizlərinin məzarlarını ziyarət etmək üçün işğal altında olan Kəlbəcər ərazisinə keçən iki soydaşımızın üzərində qurulan qondarma “Dağlıq Qarabağ Respublikasının məhkəmə”si barədə də məlumat verib. Bunun “məhkəmə” yox, insanlığa vurulan yara, bir şou olduğunu deyib. 

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Ədalət Partiyasının sədri İlyas İsmayılov, Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlı, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, Ümid Partiyasının sədri İqbal Ağazadə, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev də çıxışlarında onları düşündürən məsələlərdən söhbət açıblar.

R.Uolter isə öz növbəsində qeyd edib ki, AŞPA-da Dağlıq Qarabağ məsələsi üzrə məruzənin hazırlanması və bu işin ona tapşırılması Ermənistan nümayəndə heyəti tərəfindən böyük etirazla qarşılanıb. Ermənistan tərəfi bu məruzənin ATƏT-in Minsk qrupu tərəfindən hazırlanmasını istəyib. Qonaq ciddi-cəhdlərdən sonra buna nail ola bildiyini və məruzənin hazırlanmasında ədalətin, humanizmin əsas fəaliyyət prinsipləri olacağını bəyan edib. Dağlıq Qarabağ probleminin həllinin vacibliyindən danışan R.Uolter bildirib ki, münaqişənin həllində beynəlxalq hüququn norma və prinsiplərinə istinad edilməlidir. 

Bundan başqa, Milli Məclisdə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri ilə görüş keçirilib.

Azərbaycanın Avropa Şurasındakı fəaliyyətindən danışan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov ölkəmizlə bağlı həqiqətlərin Avropaya çatdırılması istiqamətində görülən işləri qeyd edib. Bildirilib ki, 2005-ci ildə Avropa Şurasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sənəd qəbul olunub və Ermənistan prezidenti öz çıxışında bu sənədi nəzərə almaq fikrində olmadığını söyləyib. Bundan sonra Ermənistan rəhbərliyi və nümayəndə heyəti Dağlıq Qarabağ və işğal olunmuş digər torpaqlarla bağlı yaradılmış alt komitənin işindən imtina edib.

S.Seyidov təəssüflə bildirib ki, Avropa Şurasında separatçılara, beynəlxalq hüququn pozulmasına obyektiv yanaşma kifayət qədər deyil.

Görüşdə diqqətə çatdırılıb ki, Azərbaycan dəqiq yol seçib. Bu yol inkişaf yoludur. Azərbaycan dünyada güclü, demokratik, beynəlxalq proseslərdə öz yeri və rolu olan bir ölkə olmaq siyasətini seçib. Bu inkişaf siyasəti ilə ölkəmiz gec-tez işğal altındakı torpaqlarını geri qaytaracaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi