Bakıda Asiya Ombudsmanlar Assosiasiyası (AOA) və İslam Əməkdaşlıq Təşkilatı Ombudsmanlar Assosiasiyasının (İƏT OA) iclasları keçirilib.
"Report" xəbər verir ki, iclasda Azərbaycanla yanaşı, Yaponiya, İndoneziya, Honq-Konq, İran, Pakistan, Türkiyədən olan ombudsmanlar və insan hüquqları təsisatlarının rəhbərləri iştirak ediblər.
İclasın açılışında Pakistan Federal Ombudsmanı Ejaz Ahmed Qureşi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və AOA icraçı katibi Abdul Moiz Buxari çıxış ediblər.
S.Əliyeva çıxışı zamanı Azərbaycan Ombudsman təsisatının 20 illiyi ərəfəsində ölkəmizdə xarici ombudsmanların toplantısına ev sahibliyi etməkdən məmnun olduğunu bildirib. Çıxış zamanı insan hüquqlarının müxtəlif sahələri ilə əlaqədar işçi qruplarının yaradılması təklif edilib.
İclasda AOA-nın İstanbul şəhərində keçirilmiş sonuncu iclasından sonrakı dövr ərzində həyata keçirilmiş fəaliyyəti təhlil edilib, qarşıda duran vəzifələr müəyyənləşdirilib.
Ölkəmiz, bu gün həmçinin İƏT Ombudsmanlar Assosiasiyasının (İƏT OA) ümumi yığıncağına ev sahibliyi edib.
İƏT OA-nın iclasında Azərbaycanla yanaşı, Türkiyə, Pakistan, Mərakeş, İran, İndoneziyadan nümayəndələr iştirak ediblər. Sudan Ombudsmanı isə tədbirə videokonfrans formatında qoşulub.
Əvvəlcə İƏT OA prezidenti, Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoç açılış nitqi ilə çıxış edib.
Daha sonra Azərbaycan Ombudsmanı Səbinə Əliyeva qonaqları salamlayaraq, təsisat tərəfindən görülmüş işlər barədə məlumat verib və İƏT OA-nın fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı təkliflərini səsləndirib. Ombudsman çıxışında həmkar qurumlar arasında təcrübə mübadiləsi aparılması məqsədilə təlimlərin təşkil olunmasının əhəmiyyətinə toxunub.
İclas çərçivəsində ombudsmanlar müsbət təcrübələrini paylaşaraq, assosiasiya çərçivəsində birgə əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparıblar. İclasda, həmçinin İƏT OA üzvləri arasında qurumun gələcək fəaliyyət istiqamətləri və təşkilati məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Bu gün Bakıda Asiya Ombudsmanlar Assosiasiyasının iclası keçirilib.
“Report”un xəbərinə görə, tədbiri giriş sözü ilə açan Assosiasiyanın vitse-prezidenti,Azərbaycan Ombudsmanı Səbinə Əliyeva son illər görülən işlərdən söz açıb.
O, Azərbaycanın Ombudsman təsisatının artıq 3-cü dəfədir iclasa ev sahibliyi etdiyini söyləyib.
S.Əliyeva bildirib ki, oktyabrın 19-20-də Ombudsmanların və Milli insan hüquqları təsisatlarının Bakı Beynəlxalq Konfransı keçiriləcək. Onun sözlərinə görə, toplantı “Biznes və insan hüquqları sahəsində Ombudsman və milli insan hüquqları təsisatlarının rolu” adlı mövzusunda baş tutacaq.
Tədbirdə çıxış edən Pakistan Federal Ombudsmanı Ejaz Əhməd Qureşi qeyd edib ki, təcrübələri bölüşmək və fikir mübadiləsi aparmaq assosiasiyanın əsas istiqamətlərindəndir. O, bu istiqamətdə səylərini artıracağını və daha geniş müstəvidə fəaliyyət göstərəcəklərini vurğulayıb.
Ejaz Əhməd Qureşi pandemiya dövründə insanların sağlamlığının qorunması üçün aparılan maarifləndirmə işlərində ombudsman təsisatlarının mühüm işlər gördüyünü diqqətə çatdırıb.
Türkiyənin Baş Ombudsmanı Şeref Malkoç xatırladıb ki, Vətən müharibəsi dövründə Ermənistan ballistik raketlərlə Azərbaycan şəhərlərini bombalayıb: "Nəticədə Azərbaycanın mülki vətəndaşları həyatını itiriblər. Biz Ombudsman Səbinə Əliyevanın dəvəti ilə həmin şəhərlərdə olduq və insan hüquqları ilə bağlı hesabat hazırladıq. Həmçinin məlum olduğu kimi, Ermənistan tərəfindən Azərbaycan əraziləri minalanıb. Biz Səbinə Əliyevanın dəvəti ilə Azərbaycanın işğaldan azad olunan ərazilərində də olduq. Həmin ərazilərdə Ermənistan tərəfindən basdırılan minalarla bağlı hesabat da hazırladıq".
Bu gün Bakıda Asiya Ombudsmanlar Assosiasiyasının iclası keçirilir.
“Report”un xəbərinə görə, toplantı Azərbaycan Ombudsmanı, Asiya Obudsmanlar Assosiasiyasının vitse-prezidenti Səbinə Əliyevanın təşəbbüsü ilə reallaşıb.
Tədbirdə Türkiyənin Baş Ombudsmanı və Pakistanın Federal Ombudsmanı, eləcə də Yaponiya, İndoneziya və İranın ombudsman və insan hüquqları qurumlarının rəhbərləri iştirak edirlər.
Belə ki, iclasda təşkilata üzv ölkələrin ombudsmanları arasında insan hüquqlarının səmərəli müdafiəsi ilə bağlı əməkdaşlığın gücləndirilməsi, təşkilata üzv olan ombudsman təsisatları arasında təcrübə mübadiləsinin aparılmasına dair fikir mübadiləsi aparılır.