Yuxarı
    Bağlamaq

    ​Arif Hacılı Müsavat Partiyasının növbədənkənar qurultayının keçirilməsi ilə bağlı təşəbbüsə münasibət bildirib

    Növbədənkənar qurultayın keçirilməsi təşəbbüsü gərginlik yaratmaq baxımından hansısa nəticələrə gətirib çıxara bilər

    "Növbədənkənar qurultayın keçirilməsi təşəbbüsü gərginlik yaratmaq baxımından hansısa nəticələrə gətirib çıxara bilər"

    Bakı. 4 dekabr. REPORT.AZ/ "Növbədənkənar qurultayın keçirilməsi üçün hər hansı zərurət yoxdur".

    Bunu "Report"a açıqlamasında Müsavat Partiyasının başqanı Arif Hacılı deyib.

    O, növbədənkənar qurultayın keçirilməsi ilə əlaqədar prosedur qaydalarının Nizamnamədə nəzərdə tutulduğunu xatırladıb: "Bunun üçün 14 rayon təşkilatının və ya Məclisin 40 üzvünün, yaxud da partiya başqanının Məclisə müraciət etməsi lazımdır. Yalnız bu halda qurultayın keçirilməsi Məclisin gündəliyinə salına bilər".

    A.Hacılı qeyd edib ki, Müsavat Partiyasının növbədənkənar qurultayının keçirilməsinə hər hansı zərurət yoxdur: "Növbədənkənar qurultayın keçirilməsinin zəruri olduğu barədə bir neçə adam fikirlərini səsləndirib. Onları müdafiə edən nə lazımi sayda rayon təşkilatı, nə də Məclis üzvü var. Bu, gərginlik yaratmaq baxımından hansısa nəticələrə gətirib çıxara bilər. Bu təşəbbüsdə olanların özləri də partiya qurultayının keçirilməsi üçün onlara lazım olan qədər tərəfdarların olmadığını bilirlər".

    Müsavat başqanı partiya daxilində fraksiya yaradılacağı ilə bağlı səslənən fikirlərə də münasibət bildirib: "Fraksiya yaradılması ilə bağlı heç bir narahatlığım yoxdur. Bilirəm ki, partiyada hansısa ciddi fraksiya yaranmayacaq. Çünki fraksiya yaratmaq istəyən adamların sayı çox azdır. Mən fraksiya təşəbbüsçülərinə də tərəfdarlarının sayını müəyyənləşdirməyi məsləhət görmüşəm. Hətta qurultayda mənə səs vermədiyini açıq bildirən partiya üzvlərinin də əksəriyyəti fraksiya ideyasına mənfi yanaşırlar, bu ideyanı Müsavat Partiyasının mənafelərinə zidd hesab edirlər. 10-15 nəfər yığışıb fraksiya quracaqlarsa, nə partiyaya, nə də özlərinə xeyir verəcəklər. Əksinə, atdıqları bu addımlarla partiya üzvlərinə, strukturlarına qarşı getməklə nüfuzlarını daha da itirəcəklər".

    A.Hacılı "Qurultaydan sonra baş verənlər qurultayın sənədləşmə işlərində Ədliyyə Nazirliyi ilə Müsavat Partiyası arasında hər hansı anlaşılmazlıq yarada bilərmi" sualına belə cavab verib: "Bütün prosesləri Azərbaycan Konstitusiyasına, "Siyasi partiyalar haqqında" qanuna uyğun aparırıq. Qurultayla bağlı məsələlərdə də buna əməl etmişik. Müsavat Partiyası ilə bağlı narahatlığa heç bir əsas yoxdur".

    Qeyd edək ki, Müsavat Partiyasının qurultayından narazı üzvlərin yaratdığı İşçi Qrupunun iclasında fraksiya yaradılması və partiyanın növbədənkənar qurultayının keçirilməsi ilə bağlı təşəbbüs qrupları yaradılıb. Fraksiya yaradılması üçün təşəbbüs qrupuna başqanlığa sabiq namizəd Tural Abbaslı, növbədənkənar qurultayın keçirilməsi üçün təşəbbüs qrupuna isə başqanlığa sabiq namizəd Qubad İbadoğlu rəhbərlik edəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi