Yuxarı

​Argentinada “Mən Azərbaycan haqda nə bilirəm” adlı kitabın ikinci buraxılışının təqdimatı olub

Milli Konqresində Novruz bayramı ilə bağlı tədbir də keçirilib

Bakı. 20 mart. REPORT.AZ/ 19 mart tarixində Argentinanın Milli Konqresində “Mən Azərbaycan haqda nə bilirəm” adlı kitabın ikinci buraxılışının təqdimatı və Novruz bayramı ilə bağlı tədbir keçirilib.

Xarici İşlər Nazirliyindən "Report"a verilən məlumata görə, Argentina Milli Konqresinin Deputatlar Palatasında Azərbaycanla parlamentlərarası dostluq qrupunun, La Plata Dövlət Universitetinin Azərbaycancaşünaslıq kafedrasının və Azərbaycanın Argentinadakı səfirliyinin birgə təşkilatçılığı ilə təşkil olunmuş tədbirdə Argentina qanunvercilik orqanının, hökumətinin, elmi-akademik çevrələrin və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edib.

La Plata Dövlət Universitetinin Beynəlxalq Münasibətlər İnstitutunun Azərbaycancaşünaslıq kafedrası tərəfindən dərc edilmiş “Mən Azərbaycan haqda nə bilirəm” kitabının ikinci buraxılışı 2014-cü ildə Azərabycan Respublikası Gənclər və İdman Nazirliyi, Xarici İşlər Nazirliyi və Argentinanın La Plata Dövlət Universitetinin Azərbaycancaşünaslıq kafedrasının Argentinada birgə təşkil etdiyi “Mən Azərbaycan haqda nə bilirəm” yazı-inşa müsabiqəsinin qalibləri olan 15 argentinalı gəncin Azərbaycanla bağlı müxtəlif mövzularda (Azərbaycanın tarixi, mədəniyyəti, arxitekturası, inkişaf strategiyası, xarici siyasət prioritetləri, Ermənistan-Azərbaycan münaqişəsi, ölkəmizdə multikulturalizmə verilən önəm) yazılarının, habelə qaliblərin ötən ilin iyul ayında Azərbaycana səfəri ilə bağlı təəssüratlarının toplusudur. Eyni adlı kitabın birinci buraxılışı Argentinada 2013-cü ildə dərc edilmişdir.

Tədbiri giriş sözü ilə açan Argentina Milli Konqresinin Deputatlar Palatasında Azərbaycanla dostluq qrupunun sədri Xulia Perie Azərbaycanın Argentinanın yaxın dostu və tərəfdaşı olduğunu söyləmiş, Azərbaycanla bağlı Argentinada ikinci dəfə belə bir müsabiqənin təşkilinin, habelə Azərbaycanın tarixi, mədəniyyəti, bugünki inkişafı ilə bağlı mövzulara argentinalı gənclərin maraq göstərməsinin iki ölkənin xalqları arasında təmasların inkişaf etdirilməsi nöqteyi-nəzərdən əhəmiyyətli olduğunu bildirmişdir. Novruz bayramı münasibətilə Azərbaycan xalqını da təbrik edən argentinalı parlamentar xalqımıza ən xoş arzularını çatdırmışdır.

Tədbirdə çıxış edən səfir Məmməd Əhmədzadə Argentina Milli Konqresinə, o cümlədən Deputatlar Palatasında Azərbaycanla parlamentlərarası dostluq qrupuna, habelə La Plata Dövlət Universitetininin Azərbaycanşünaslıq kafedrasına belə bir tədbirin keçirilməsinə göstərdiyi dəstəyə görə təşəkkürünü bildirmiş və tədbirin Azərbaycan həqiqətlərinin Argentina ictiamiyyətinə çatdırılmasındakı əhəmiyyətindən danışmışdır. Son illərdə iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin sürətlə inkişaf etdiyini, bu xüsusda ötən həftə Azərbaycan parlament nümayəndə heyətinin Argentinada yüksək səviyyədə qəbul edildiyini bildirən M.Əhmədzadə Azərbaycan-Argentina əməkdaşlığının perspektivlərinə də toxunmuşdur.

Sonra çıxış edən La Plata Dövlət Universitetində Azərbaycanşünaslıq kafedrasının əlaqələndiricisi prosfessor Paulo Botta kafedranın fəaliyyəti, bu xüsusda ikinci dəfə Argentinada “Mən Azərbaycan haqda nə bilirəm” yazı-inşa müsabiqəsinin təşkili və onun nəticələri haqda məlumat vermiş, müsabiqənin Azərbaycan və Argentina gəncləri, habelə elmi-akademik çevrələri arasında əlaqələrin inkişafı üçün əhəmiyyətindən danışmışdır. Xəzər hövzəsinin lider ölkəsi kimi Azərbaycanın Argentina üçün önəmi barədə danışan P.Botta Azərbaycançünaslıq kafedrasının fəaliyyətinin Azərbaycanla və Xəzər hövzəsi bölgəsi ilə bağlı Argentinada mütəxəssislərin və tədqiqatçıların hazırlanmasına yönəldiyini demişdir.

Daha sonra müsabiqə qalibləri adından çıxış edən gənc argentinalı tədqiqatçılar Vanina Fattori və Lukas Oro müsabiqədə iştirak etmələrindən məmnunluqlarını bildirmiş, müsabiqə qaliblərinin Azərbaycana səfəri ilə bağlı təəssüratlarını bölüşmüş, Azərbaycanın yüksək iqtisadi inkişafı və multikulturalizmə verdiyi önəm barədə danışmışlar.

Tədbirdə Azərbaycanla bağlı və müsabiqə qaliblərinin ölkəmizə səfərinə dair videoçarxlar nümayiş etdirilmişdir.

Tədbir Novruz bayramı münasibətilə Azərbaycan milli mətbəxinin təqdimatı ilə davam edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi