Yuxarı
    Bağlamaq

    “Araz” zavodunda baş vermiş partlayışla əlaqədar Dövlət Komissiyası yaradılıb

    Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb

    Bakı. 26 iyul. REPORT.AZ/ Prezident İlham Əliyev Müdafiə Sənayesi Nazirliyinin “Araz” zavodunda baş vermiş partlayışla əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb. 

    "Report"un məlumatına görə, sənəddə bildirilir ki, 2016-cı il iyulun 26-da Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən “Araz” zavodunda partlayış baş verib, nəticədə yaralananlar var. 

    Dövlət başçısı baş vermiş hadisənin səbəblərini araşdırmaq və nəticələrini aradan qaldırmaq məqsədilə Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən “Araz” zavodunda baş vermiş partlayışla əlaqədar aşağıdakı tərkibdə Dövlət Komissiyasının yaradılmasını qərara alıb:

    Komissiyanın sədri

    Yaqub Eyyubov – Azərbaycan Respublikası baş nazirinin birinci müavini

    Komissiyanın üzvləri:

    Yavər Camalov – Azərbaycan Respublikasının müdafiə sənayesi naziri

    Zakir Həsənov – Azərbaycan Respublikasının müdafiə naziri

    Zakir Qaralov – Azərbaycan Respublikasının baş prokuroru

    Mədət Quliyev – Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi

    Vilayət Eyvazov – Azərbaycan Respublikası daxili işlər nazirinin birinci müavini

    Səlim Müslümov – Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri

    Faiq Tağı-zadə – Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini

    Abbas Vəlibəyov – Azərbaycan Respublikası səhiyyə nazirinin müavini

    Mərdan Camalov – Şirvan şəhəri icra hakimiyyətinin başçısı

    Sərəncama əsasən, Dövlət Komissiyası hadisənin baş verməsi səbəblərini və şəraitini araşdıraraq onun nəticələrinin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər müəyyənləşdirməli və həyata keçirməli, hadisə nəticəsində xəsarət alanların müalicəsini və onlara digər zəruri yardım göstərilməsini təmin etməli, görülmüş işlər haqqında Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

    Azərbaycan Respublikasının Baş Prokurorluğuna Daxili İşlər və Fövqəladə Hallar nazirlikləri ilə birlikdə baş vermiş hadisə ilə əlaqədar istintaq tədbirlərini həyata keçirmək tapşırılıb.

    Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi