Yuxarı

​AXCP ilə Müsavat arasında münasibətlər yenidən gərginləşib

Sədr müavini: Müxalifətin birliyi Müsavat Partiyası üçün önəmli idisə, Milli Şuradan çıxmazdı

Müsavat başqanının müavini: "Təəssüflər olsun ki, Əli Kərimli əməkdaşlığa ehtiyac görmür"

Bakı. 19 yanvar. REPORT.AZ/ "Müsavat Partiyası Milli Şurada təmsil olunurdu, əgər müxalifətin birliyi, ölkənin taleyi onlar üçün önəmli idisə, qurumdan çıxmazdılar".

Bunu "Report"a açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Gözəl Bayramlı deyib.

O, Müsavat Partiyası başqanının müavini Osman Kazımovun müxalifətə birlik çağırışı etməsinə münasibət bildirərkən deyib ki, AXCP-nin də təmsil olunduğu Milli Şuranın yolu birdir, kimlərinsə təklifi ilə hansısa quruma qoşulması gündəmdə deyil: "Müxalifətin güc mərkəzi Milli Şuradır. Hazırda mübarizəmizi davam etdiririk. AXCP lideri Əli Kərimli müxalifət bir araya gəlsin deyə, xeyli addımlar atıb. Görünür, müsavatçılar üçün daha çox Müsavat Partiyasının taleyi önəmli olub, ona görə də Milli Şuradan ayrılmaq yolunu tutdular. Kim müxalifətin birliyini istəyirsə, Milli Şuraya qoşula bilər, burada istənilən müxalifət partiyası ilə əməkdaşlığa hazırıq".

Müsavat Partiyası başqanının müavini Osman Kazımov isə "Report"a açıqlamasında birlik təşəbbüsünün dəyərləndirilməməsinə təəssüf etdiyini deyib. O.Kazımov bildirib ki, məhz AXCP sədri Əli Kərimli birliyə və əməkdaşlığa ehtiyac görmür: "Ölkədə yaranmış durum, süni qiymət artımı, işsizlik, milli valyutanın devalvasiyası məni narahat edir. Mən insanları, dövləti düşünürəm. Buna görə də birlik çağırışı etdim. Deyirlər ki, guya bu fikirlərim İsa bəyə, Arif bəyə məxsusdur. Bunlar yalandır, öz təşəbbüsümdür. Düşünürəm ki, Azərbaycanda bir neçə müxalifət partiyası var, onlardan biri də Azərbaycan Xalq Cəbhəsi Partiyasıdır. Onların bizə qısqanc yanaşmasına baxmayaraq, belə düşünürük. Hesab edirik ki, bu partiyalar, yəni, AXCP və Müsavat əməkdaşlıq etməlidirlər. Köhnədə baş verənlərin gündəmə gətirilməsinin tərəfdarı olmamışıq. Təəssüf ki, Əli Kərimli əməkdaşlığa ehtiyac görmür. Bu adam düşünür ki, hamı onun təmsil olunduğu Milli Şuraya yığılmalıdır".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi