Aparat rəhbəri: Azərbaycanda narkoloji müəssisələrin sayının artırılmasına ehtiyac var

Aparat rəhbəri: Azərbaycanda narkoloji müəssisələrin sayının artırılmasına ehtiyac var Respublika üzrə narkoloji müəssisələrin sayının artırılmasına ehtiyac var.
Daxili siyasət
29 fevral 2024 08:23
Aparat rəhbəri: Azərbaycanda narkoloji müəssisələrin sayının artırılmasına ehtiyac var

Respublika üzrə narkoloji müəssisələrin sayının artırılmasına ehtiyac var.

"Report"un xəbərinə görə, bunu Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə məruzəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, 2023-cü ildə Ombudsmanın ünvanına 29 411 müraciət daxil olub: "Azadlıq hüququnun təmini ilə bağlı Ombudsmanın ünvanına daxil olan müraciətlərdə, əsasən, şəxsiyyət vəsiqəsi ilə təmin edilmə, yaşayış yeri üzrə qeydiyyata alınma, şəxsiyyət vəsiqəsinin fərdi identifikasiya nömrəsinin deaktiv edilməsi, ölkədən çıxışa qoyulmuş məhdudiyyətin götürülməsi və bu kimi digər məsələlər öz əksini tapıb. Bu müraciətlər üzrə səlahiyyətli dövlət qurumlarına müraciətlər edilmiş, hüquqların bərpası istiqamətində zəruri tədbir görülüb. Son illərdə bir sıra şəxslər Ombudsmana müraciətlər edərək, İraq Respublikası və Suriya Ərəb Respublikasında döyüşən silahlı dəstələrin girovluğunda olan yaxın qohumlarının, xüsusilə qadın və uşaqların ölkəmizə qaytarılmasında köməklik göstərilməsini xahiş ediblər".

"2023-cü ildə hüquq və azadlıqların məhkəmə təminatı ilə bağlı Ombudsmanın ünvanına daxil olmuş müraciətlərdə iddia ərizələrinin əsassız olaraq qəbul edilməməsi, vəsatətlərə baxılmaması, hakimin hərəkətlərindən (və ya hərəkətsizliyindən) narazılıq, məhkəmə baxışı zamanı prosessual hüquq normalarının pozulması, bəzi hallarda işə baxılması müddətlərinin süni şəkildə uzadılması, məhkəmə qərarının surətinin işdə iştirak edən şəxslərə vaxtında göndərilməməsi, məhkəmə aktlarından narazılıq, məhkəmə qərarlarının icraya yönəldilməməsi və ya icra olunmaması, şikayətlərə kassasiya və əlavə kassasiya qaydasında baxılması üçün vəkillə təmin olunmaqda köməklik göstərilməsi və digər hallar öz əksini tapıb", - Aparat rəhbəri qeyd edib.

A.Səfixanlı bildirib ki, saxlanılan şəxslərin hüquqi yardım almaq və vəkillə görüşmək hüququ həmin şəxslərin pis rəftardan müdafiəsinin əsas təminatlarındandır: "Əvvəlki illərdə olduğu kimi, 2023-cü ildə də Ombudsmanın 916 Çağrı Mərkəzi vəkillərin hüquqlarını müdafiə etdikləri şəxslərlə görüşmək hüququnun həyata keçirilməsində yarana biləcək çətinliklərin qarşısının alınmasında effektiv mexanizm kimi fəaliyyət göstərib. Ombudsmanın müdaxiləsindən sonra bu görüşlər təmin edilsə də, problem aktual olaraq qalmaqdadır.Respublika Narkoloji Mərkəzinə həyata keçirilmiş başçəkmə zamanı müalicəyə cəlb edilməli kifayət qədər şəxsin gözləmə növbəsində olduğu müəyyən edilib. Bu səbəbdən, respublika üzrə narkoloji müəssisələrin sayının artırılmasına ehtiyac var".

Son xəbərlər

Orphus sistemi