Məhkəmə-Hüquq Şurasında Ali Məhkəmənin hakimlərinin iştirakı ilə müşavirə keçirilib

Məhkəmə-Hüquq Şurasında Ali Məhkəmənin hakimlərinin iştirakı ilə müşavirə keçirilib Bakı. 16 yanvar. REPORT.AZ/ Bu gün Məhkəmə-Hüquq Şurasında Ali Məhkəmənin hakimlərinin iştirakı ilə müşavirə keçirilib.
Daxili siyasət
16 Yanvar , 2019 20:49
Məhkəmə-Hüquq Şurasında Ali Məhkəmənin hakimlərinin iştirakı ilə müşavirə keçirilib

Bakı. 16 yanvar. REPORT.AZ/ Bu gün Məhkəmə-Hüquq Şurasında Ali Məhkəmənin hakimlərinin iştirakı ilə müşavirə keçirilib.

Şuradan "Report"a verilən məlumata görə, tədbirdə Məhkəmə-Hüquq Şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədov və Ali Məhkəmənin sədri Ramiz Rzayev çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə məhkəmə sistemində aparılan ardıcıl və məqsədyönlü islahatların bu sahədə işin müasir tələblər səviyyəsində qurulmasına, məhkəmələrə ictimai etimadın yüksəldilməsinə yönəldiyini bildiriblər.

Qeyd olunub ki, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsində, ədalət mühakiməsinin səmərəliliyinə nail olunmasında, vahid məhkəmə təcrübəsinin formalaşmasında Ali Məhkəmə mühüm rol oynayır. Ona görə bu məhkəmədə məhz hazırlıqlı, ən peşəkar, yüksək mənəvi keyfiyyətlərə malik hakimlər işləməlidirlər ki, qanunun aliliyi, məhkəmə qərarlarının ədalətliliyi təmin olunsun. Bu məsələdə hakimlərin fəaliyyətinin prinsipial qiymətləndirilməsi institutunun tətbiqinin mühüm əhəmiyyəti vurğulanıb.

Müşavirədə insanlarda haqlı narazılıq doğuran nöqsan və çatışmazlıqların aradan qaldırılması, Hakimlərin Etik Davranış Kodeksinin tələblərinə dönmədən əməl edilməsi, qeyri-prosessual münasibətlərin qarşısının alınması, mənfi halların yolverilməzliyi qeyd olunub.

Həmçinin mövcud problemlərin həlli yolları təhlil edilib, vətəndaşların hüquq və azadlıqlarının təmin olunması, süründürməçiliyə və korrupsiyaya şərait yaradan hallara yol verilməməsi, ədalət mühakiməsinə ictimai etimadın artırılması və sair məsələlərlə bağlı tövsiyələr verilib.

Qeyd edək ki, təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş məhkəmə-hüquq islahatları Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilərək məhkəmə sistemi müasirləşdirilir, vətəndaşların ədalət mühakiməsinə əlçatanlığı asanlaşdırılır, müasir informasiya-kommunikasiya texnologiyalarının, o cümlədən “elektron məhkəmə” informasiya sisteminin tətbiqinin genişləndirilməsi ilə bağlı mühüm işlər görülür. Həmçinin hakim korpusu yeni nəsil hüquqşünaslarla möhkəmləndirilib, mövcud vakansiyaların tam əksəriyyəti komplektləşdirilməklə hakimlərin iş yükü xeyli azaldılıb, işlərə daha keyfiyyətlə və vaxtında baxılmasına şərait yaranıb.

Dövlətimizin başçısının qanunvericilik təşəbbüsü ilə 2018-ci il dekabrın 28-də qəbul olunmuş qanunlarla Mülki Prosessual Məcəllədə, “Məhkəmələr və hakimlər haqqında” Qanunda edilmiş əsaslı dəyişikliklər məhkəmələrə müraciət imkanlarının genişləndirilməsini, məhkəmə icraatının elektron qaydada aparılmasını, vətəndaşların mənafelərinin təmin olunması, ədalət mühakiməsinin tezləşdirilməsi məqsədilə məhkəmə prosedurlarının elektronlaşdırılmasını şərtləndirib.

Yeni qanunvericiliyin icrasının təşkili ilə bağlı təxirə salınmadan tədbirlər müəyyən edilərək həyata keçirilməyə başlanılıb, o cümlədən qanunvericilikdəki yeniliklərin mahiyyətinin dərindən öyrənilməsi və “e-məhkəmə”nin imkanlarından səmərəli istifadə olunmaqla düzgün tətbiqi məqsədilə ali və apellyasiya məhkəmələrinin təlimçi-hakimlərinin iştirakı ilə paytaxtda və respublikanın bütün bölgələrində silsilə təlimlər və hüquqi maarifləndirmə tədbirləri keçirilir.

Eyni zamanda dövlətimizin başçısının güclü siyasi iradəsi ilə ölkəmizdə korrupsiyaya qarşı çox ciddi mübarizə aparılır. Yanvarın 11-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlətimizin başçısı bütün sahələrdə şəffaflığın və dürüstlüyün təmin olunması, əsassız tələblərə, sui-istifadə hallarına son qoyulması ilə bağlı qəti tapşırıqlar verib. Dövlətimizin başçısının siyasi iradəsinə uyğun olaraq, məhkəmələrin fəaliyyətində də şəffaflığın təmin edilməsi, vətəndaş-məmur münasibətlərinin sağlam meyarlar üzərində qurulması, insanların müraciətlərinə hər zaman həssaslıqla yanaşılması, korrupsiyaya şərait yaradan halların yolverilməzliyi daim diqqətdə saxlanılır. Bu məqsədlə paytaxtda və bölgələrdə bütün apellyasiya və birinci instansiya məhkəmələri sədrlərinin və hakimlərinin iştirakı ilə geniş müşavirələr keçirilərək ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə tədbirlər, məhkəmə fəaliyyətində mövcud problemlər, yol verilən nöqsanlar və onları doğuran səbəblər ətraflı təhlil olunub.

Son xəbərlər

Orphus sistemi