Ali Məhkəmədə yeni təyin olunan hakimlərin andiçmə mərasimi keçirilib

Ali Məhkəmədə yeni təyin olunan hakimlərin andiçmə mərasimi keçirilib Ali Məhkəmənin Plenum İclasında yeni təyin olunan hakimlərin andiçmə mərasimi keçirilib
Daxili siyasət
5 Fevral , 2021 15:26
Ali Məhkəmədə yeni təyin olunan hakimlərin andiçmə mərasimi keçirilib

Ali Məhkəmənin Plenum iclasında yeni təyin olunan hakimlərin andiçmə mərasimi keçirilib.

“Report”un xəbərinə görə, Ali Məhkəmənin sədri Ramiz Rzayev çıxış edərək bildirib ki, çoxmərhələli, şəffaf və beynəlxalq standartlara uyğun seçim prosedurlarında, o cümlədən test üsulu ilə, habelə, yazılı və şifahi imtahanlarda müvəffəqiyyət qazanan 44 nəfər hakimliyə namizəd bir illik tədris kursunu, məhkəmələrdə staj keçməni və digər mərhələləri uğurla başa vurub.

Namizədlərin tam əksəriyyətini (70 faiz) 35 yaşa qədər olan, o cümlədən xaricdə təhsil almış gənc nəsil hüquqşünaslar təşkil edir, onlar ölkənin müxtəlif hüquq təsisatlarında – məhkəmə, ədliyyə, prokurorluq orqanlarında, vəkillik xidmətində, özəl və digər müəssisələrdə çalışıblar.

İlk dəfə olaraq namizədlərin 40 faizdən çoxunun qadın olması ölkəmizdə gender bərabərliyi prinsiplərinə əməl edilməsi, qadınların ictimai həyatın müxtəlif sahələrində fəallığının təzahürü olub.

Daha sonra hakimlər növbə ilə andiçmə üçün kürsüyə dəvət olunub. Onlar “Məhkəmələr və hakimlər haqqında” Qanunun tələbinə əsasən ədalət mühakiməsini Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına tam uyğun olaraq, qərəzsiz, ədalətlə həyata keçirəcəyinə, hakimin müstəqilliyini və ləyaqətini qoruyub saxlayacağına, yüksək hakim adına hörmət ruhunda davranmağına and içib.

Çıxış edənlər yeni təyin olunmuş hakimlərə ədalət mühakiməsini həyata keçirərkən daim qanunun aliliyini təmin etmələrini tövsiyə edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Xatırladaq ki, məhkəmələrə əlçatanlığın yaxşılaşdırılması, hakimlərin iş yükünün azaldılaraq işlərə daha keyfiyyətli və vaxtında baxılmasını təmin etmək məqsədilə Prezident İlham Əliyevin 3 fevral 2021-ci il tarixli sərəncamı ilə 44 nəfər hakimliyə namizəd birinci instansiya məhkəmələrinə hakim kimi təyin olunub.

Son xəbərlər

Orphus sistemi