"Azərbaycanda qısa müddətdir fəaliyyət göstərirəm. Burada olduğum 6 ay ərzində qadın hüquqları və gender bərabərliyinə həsr olunan 7-dən çox irihəcmli tədbirlərdə iştirak etmişəm. Səfərlərim zamanı Azərbaycan hökumətinin qadınların iqtisadi cəhətdən güclənməsinə diqqət yetirildiyinin şahidi olmuşam.
"Report" xəbər verir ki, bunu Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin Əməkdaşlıq Bölməsinin rəhbəri Simona Qatti “Gender əsaslı Bələdiyyə Akademiyası”nın açılış mərasimində deyib.
Onun sözlərinə görə, qadınların siyasi həyatda inkişafı olduqca böyük əhəmiyyət kəsb edən məsələdir: "Başa düşmüşəm ki, qadınların siyasi səviyyədə səsinə malik olmaq olar. Bir neçə il bundan əvvəl Avropa İttifaqının Şərq tərəfdaşlığı ölkələrində qadınların səlahiyyətləndirilməsi və qərarvermədə iştirakı ilə bağlı apardığı araşdırma və təhlillərin nəticəsi onu deməyə əsas verib ki, qadınların bu məsələdə iştirakı çox aşağı səviyyədir. Yəni qərar qəbuletmə səviyyəsində qadınlar kifayət qədər iştirak etmir. Təbii ki, Avropa ölkəsində də bu problem mövcuddur".
"Vacibdir ki, güclü və karizmatik qadınlar yüksək yerlərdə olsunlar"- deyən Aİ rəsmisi qeyd edib ki, yerli idarəetmə səviyyəsində qadınlar təmsil olunmasa, müsbət nəticələr əldə etmək mümkün olmayacaq:
"Hazırda Azərbaycanda əmək bazarına qadınların çıxışı diqqət mərkəzindədir. Avropa İttifaqı olaraq imkanımız var ki, Azərbaycana bu istiqamətdə dəstəyimizi göstərək. Çünki Azərbaycanda iddialı islahatlar həyata keçirilir".