Ağsu, Kürdəmir, Zərdab və Göyçay rayonlarında 27 Sentyabr – Anım Günü böyük ehtiramla qeyd olunub.
”Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, Şəhidlər xiyabanlarında təşkil olunan tədbirlərdə rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərliyi, şəhid ailələri, qazilər, idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə Vətənin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, məzarları önünə gül dəstələri düzülüb və ruhlarına dualar oxunub.
Rayon məktəblilərinin ifasında şəhidlərə həsr olunmuş şeirlər və kompozisiyalar nümayiş etdirilib.
Çıxış edənlər Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsinin hər birimiz üçün əziz olduğunu, xalqımızın qəhrəman övladları ilə qürur duyulduğunu xüsusi vurğulayıblar.
Həmçinin, rayon rəhbərləri və hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Vətən müharibəsi şəhidlərinin ailələri yaşadıqları ünvanlarda ziyarət olunub, onlara maddi və ərzaq yardımları verilib.
Tədbir iştirakçıları şəhidlərin xatirəsinin uca tutulması məqsədilə ağacəkmə kampaniyasında da iştirak ediblər. Saat 12:00-da isə Azərbaycan Respublikanın ərazi bütövlüyünün müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.