​ADU-da Azərbaycanda Amerika Günlərinin açılış mərasimi keçirilib - FOTO

​ADU-da Azərbaycanda Amerika Günlərinin açılış mərasimi keçirilib - FOTO Tədbirdə ABŞ-ın Azərbaycandakı yeni səfiri Robert Sekuta da iştirak edib
Daxili siyasət
10 Mart , 2015 18:43
​ADU-da Azərbaycanda Amerika Günlərinin açılış mərasimi keçirilib - FOTO

Bakı. 10 mart. REPORT.AZ/ Bu gün ABŞ-ın Azərbaycandakı səfirliyi və Azərbaycan Dillər Universitetinin (ADU) Amerika mərkəzinin birgə təşkil etdiyi Azərbaycanda Amerika Günlərinin açılışı olub. "Report" xəbər verir ki, ADU-nun İnformasiya Resurs Kompleksinin Amerika mərkəzindəilk öncə Azərbaycan və ABŞ-ın dövlət himnləri səsləndirilib.

ADU-nun rektoru, deputat Səməd Seyidov Azərbaycan-ABŞ arasındakı diplomatik və mədəni əlaqələrin daim inkişaf etdiyini deyib: "ADU dünyanın müxtəlif dillərini tədris edən ali təhsil müəssisəsidir. Bu dillərin içərisində ən ali dil demokratiya, insanlıq, inkişaf, mədəniyyət, təhsil dilidir. Sərgidə göstəriləcək rəsm əsərləri Amerika mərkəzini Azərbaycanda nüfuzunu yüksək səviyyəyə qaldıracaq, ABŞ haqqında məlumatı daha geniş çatdıracaq, həmçinin iki ölkəni bir-birinə daha da yaxın edəcək".

ABŞ-ın Azərbaycandakı yeni səfiri Robert Sekuta çıxışında bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd çoxçeşidli, rəngarəng və zəngin ABŞ mədəniyyəti nümunələrini təqdim etməkdir: "Amerika Günlərinin keçirildiyi dövrdə hər kəs ABŞ mətbəxinin dadına baxmaq, rəqsləri izləmək, rok musiqisini dinləmək şansı əldə edəcək".

Azərbaycanın xalq rəssamı, heykəltaraş Ömər Eldarov və Azərbaycan Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağaəli İbrahimov çıxış edərək bu kimi sərgilərin keçirilməsinin Azərbaycan-ABŞ əlaqələrinə əhəmiyyətli təsirindən danışıblar.

Daha sonra 2 saylı Mərdəkan internat məktəbi şagirdlərinin ifasında "Cowboy" rəqsi nümayiş olunub.

Layihə çərçivəsində Amerika mərkəzi ilə sıx əməkdaşlıq edən orta və ali təhsil müəssisələri - Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, İncəsənət Gimnaziyası, Bakı Humanitar Kolleci, 4 nömrəli Zəngilan məktəbi, "Ümid yeri" Uşaq Sığınacağı Xeyriyyə Cəmiyyəti, eyni zamanda, digər müəssisələrdən tələbə və şagirdlərin əl işləri nümayiş olunub.

Qeyd edək ki, sərgilənən nümunələrə baxış əsasında 3 nəfər şəxs ABŞ səfirliyi tərəfindən proqramın son günü - martın 14-də mükafatlandırılacaq. 

Son xəbərlər

Orphus sistemi