Yuxarı

​Ellada Məmmədli: "ADR partiyaya çevrilməyəcək"

Azərbaycan Demokratiya və Rifah Hərəkatının dövlət qeydiyyatına alınması üçün yenidən Ədliyyə Nazirliyinə müraciət olunacaq

Bakı. 25 dekabr. REPORT.AZ/ "Azərbaycan Demokratiya və Rifah Hərəkatının partiyaya çevrilməsi haqqında hərəkatın İdarə Heyətində heç bir müzakirə aparılmayıb".

Bunu "Report"a açıqlamasında Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədr müavini Ellada Məmmədli deyib.

O bildirib ki, hərəkatın fəaliyyət proqramı yalnız qurultayda dəyişdirilə bilər: "ADR ona görə yaranıb ki, siyasi mənsubiyyətindən asılı olmayaraq, kütləvi halda Azərbaycanın Demokratiya və Rifahına birlikdə nail olaq. Bunu nəzərə alaraq deyə bilərəm ki, ADR yaxın illərdə partiyaya çevrilməyəcək".

E.Məmmədli qeyd edib ki, Azərbaycan Demokratiya və Rifah Hərəkatının dövlət qeydiyyatına alınması üçün yenidən Ədliyyə Nazirliyinə müraciət olunacaq: "ADR sədri Qubad İbadoğlu ölkədə deyil. Qubad bəy Azərbaycana dönəndən sonra nazirliyə müraciət edəcəyik. Artıq, sənədlər də hazırdır".

Qeyd edək ki, hərəkat bu ilin fevralın 21-də təsis edilib. Təsis konfransında Müsavatdan xaric edilən başqanlığa sabiq namizəd Qubad İbadoğlu sədr seçilib. ADR-in dövlət qeydiyyatına alınması üçün Ədliyyə Nazirliyinə müraciət edilsə də, sənədlər geri qaytarılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi