Bakı. 12 fevral. REPORT.AZ/ "Biz ABŞ ilə Azərbaycan arasında gərgin münasibətlər müşahidə etmirik". "Report"un məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.
PA rəsmisi qeyd edib ki, müxtəlif ekspertlər, hüquq təşkilatları və yaxud da ayrı-ayrı siyasət formalaşdıran mərkəzlər nələrsə müşahidə edə bilərlər: "Amma Azərbaycan və ABŞ arasında əməkdaşlıq həm beynəlxalq sülh yaratmaq proseslərində, beynəlxalq terrorizmə qarşı mübarizə sahəsində, həm beynəlxalq enerji təhlükəsizliyi məsələlərində, Xəzər dənizi və Cənubi Qafqazın transmilli nəqliyyat-kommunikasiya xətlərinin birgə formalaşması və istismarında və digər məsələlərdə davam edir. O cümlədən, Azərbaycan ilə ABŞ arasında iqtisadi, siyasi, sosial və digər sahələrdə də əməkdaşlıq davam edir".
Ə.Həsənov vurğulayıb ki, bu münasibətləri kəskinləşdirməyə çalışan dairələr var və onlar ABŞ mətbuatında ara-sıra Azərbaycanla bağlı neqativ yazılar dərc etdirirlər, bu neqativ yazıların da hazırlanması və formalaşdırılması bir qayda olaraq real gerçəkliyi deyil, bu münasibətləri korlamaq istəyən mərkəzlərin sifarişləri əsasında həyata keçirilir: "Biz bunların qarşısını almağa çalışırıq və düşünürük ki, ABŞ hökuməti də buna çalışır".