Yuxarı
    Bağlamaq

    Abid Şərifov: "Siz bunu dramatikləşdirirsiniz, şou düzəldirsiniz"

    Bəyəm jurnalistlər hansı şirkətin yaxşı, hansının pis olduğunu bilir?

    Bakı. 25 may. REPORT.AZ/ "Mən balam kimi deyirəm, ay oğul, ay atam, sənə nə fərqi var kim tikib? Məsləhət olub filankəs tiksin, o da tikir. Siz də mənim bu cavabımı dramatikləşdirirsiniz, faciəyə, tragediyaya çevirirsiniz, şou düzəldirsiniz". Bunu "Report"a açıqlamasında Azərbaycan baş nazirinin müavini, Bakı şəhəri Binəqədi rayonu ərazisində çoxmərtəbəli binada baş verən yanğın ilə əlaqədar yaradılan Dövlət Komissiyasının sədri Abid Şərifov deyib.

    Baş nazirin müavini hesab edir ki, jurnalistlərin hansı şirkətin yaxşı, hansının pis işlədiyini bilmələri mümkün deyil. "Allah sizi qorusun, Allah sizi salamat eləsin. Siz jurnalistlər, bəyəm bilirsiz hansı şirkət yaxşıdır, hansı şirkət pisdir, hansı şirkət vicdanla işləyir? Ay Allah sizi salamat eləsin. İstər o balaca, istər də böyük jurnalistlərə mən bir balam kimi, ərkyana müraciət edirəm. Siz də başlayırsız onu şou etməyə. Nə istəyirsiz edin. Allah sizi sağ-salamat eləsin", - A.Şərifov əlavə edib.

    Xatırladaq ki, mayın 19-da Bakının Binəqədi rayonunda yerləşən 16 mərtəbəli binada yanğın baş verib. Yanğın nəticəsində 4-ü azyaşlı olmaqla 15 nəfər ölüb, 50-dən çox insan müxtəlif dərəcəli bədən xəsarəti alıb və ya zəhərlənib. Hadisənin araşdırılması və nəticələrinin aradan qaldırılması üçün dövlət komissiyası yaradılıb. Komissiyaya baş nazirin müavini Abid Şərifov rəhbərlik edir. 

    Mayın 23-ü hadisə yerinə baş çəkən A.Şərifovdan jurnalistlərdən biri yanan binada tikinti işlərinin hansı şirkət tərəfindən aparıldığını soruşub. Komissiya sədri suala belə cavab verib: "Nə dəxli var sənə, nə üçün bilməlisən ki kimdir? Alabala! bunun pressaya nə dəxli var, ay oğul?!".

    Onun bu cavabı mətbuatda müzakirələrə səbəb olub. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi