Yuxarı

31 mart soyqırımı ilə bağlı sosial şəbəkələrdə geniş kampaniyaya start verilib

Təbliğat materialları Azərbaycan dili ilə yanaşı, ingilis, rus, alman və fransız dillərində də hazırlanıb

Bakı. 30 mart. REPORT.AZ/ UBM Group tərəfindən 31 mart soyqırımı ilə bağlı həqiqətləri geniş coğrafiyada yaymaq məqsədlə "Facebook", "Twitter", "Instagram" və "YouTube" sosial şəbəkələrində “Armenian Terror” adlı səhifə yaradılıb, fəal təbliğat kampaniyasına start verilib.

Şirkət tərəfindən xüsusi olaraq hazırlanmış posterlər, rəsm əsərləri və videokadrlar həmin səhifədə yerləşdirilir. Bütün dünyanı əhatə etmək məqsədilə bu təbliğat materialları Azərbaycan dili ilə yanaşı, ingilis, rus, alman və fransız dillərində də hazırlanıb.

Qeyd edək ki, 1918-ci il martın 31-dən başlayaraq aprelin 2-dək erməni daşnak və bolşevik dəstələri tərəfindən minlərlə azərbaycanlı qətlə yetirilmiş, çoxlu sayda yaşayış binaları, məscidlər yandırılmış, əhalinin əmlakı qarət edilmişdir.

Martın 30-dan 31-nə keçən gecə ermənilərin törətdiyi soyqırım nəticəsində, təkcə Bakıda 11 minə yaxın dinc sakin, o cümlədən qadın, uşaq və yaşlı insanlar vəhşicəsinə öldürülmüşdür. Martın 31-də Şamaxı qəzasında erməni daşnakları ümumilikdə 16 mindən çox azərbaycanlını, Quba kəndlərində isə 2 mindən çox günahsız insanı qətlə yetirmişlər. Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Muğanda və Dağlıq Qarabağda yüzlərlə kəndi yandırmışlar.

Prezident Heydər Əliyevin 26 mart 1998-ci il tarixli sərəncamına əsasən, hər il martın 31-i Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur, bütün dünyada bu münasibətlə müxtəlif tədbirlər, konfranslar, anım mərasimləri keçirilir.

Xatırladaq ki, UBM Group bu ilin əvvəlindən 20 Yanvar hadisələri ilə bağlı və “Xocalıya həqiqət” kampaniyası çərçivəsində bütün sosial şəbəkələr və digər resurslar vasitəsilə geniş təbliğat işləri aparıb.

"Biz dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq bütün həmvətənlərimizi bu işdə fəal iştiraka dəvət edirik. Gəlin, tariximizi unutmayaq, unudulmasına da imkan verməyək. Sizi bizim paylaşdığımız təbliğat materiallarından istifadə etməklə, sosial şəbəkələrdə, mediada və səsimizin duyulduğu hər bir ölkədə təbliğatı gücləndirməyə çağırırıq", - deyə UBM Group bəyanatında qeyd olunub.

Şərhlər, xəbərlər, bəyənmələr, paylaşmalar, qeydlər və təşviqat üçün aşağıda qeyd olunmuş linklər və #armenianterror, #31marchgenocide həştəqlərindən istifadə edilməsi xahiş olunur:

https://www.facebook.com/armenianterror/

https://twitter.com/armenianterror_/

https://www.instagram.com/armenian_terror/

https://www.youtube.com/channel/UCPw6RiumvfoSK7bNG...

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi