Bakı. 19 yanvar. REPORT.AZ/ Dövlət Miqrasiya Xidmətində 20 Yanvar hadisələrinin 27-ci ildönümünə həsr edilmiş anım mərasimi keçirilib.
Qurumdan "Report"a verilən məlumata görə, tədbirdə Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini, III dərəcəli dövlət miqarsiya xidməti müşaviri Vəli Nağıyev məruzə ilə çıxış edib. O, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet qoşunlarının Azərbaycanda törətdikləri qanlıqırğınlar barədə məlumat verib, həmin hadisələrin insanlığa qarşı yönəldilmiş hərbi cinayət olduğunu bildirib. Qeyd edib ki, imperiya ordusunun əliyalın dinc əhaliyə, azadlıq, müstəqillik arzusunda olan insanlara qanlı divan tutması əslində bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş ən dəhşətli əməl idi: "Bu faciəyə ilk olaraq öz etirazını bildirən isə ümummilli lider Heydər Əliyev olub. Ulu öndər Moskvada xüsusi nəzarət altında ola-ola, özünün və ailə üzvlərinin həyatını açıq təhlükə qarşısında qoyaraq, hadisələrdən dərhal sonra, 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlmiş və təcavüzə kəskin etirazını bildirmiş, hadisəni törədənləri, şəxsən M.Qorbaçovu kəskin ittiham edərək qoşunların Bakıdan çıxarılmasını tələb etmişdi".
O qeyd edib ki, Prezident İlham Əliyev şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin həllinə xüsusi diqqət göstərir.
Tədbirdə vurğulanıb ki, bu yara, bu zərbə nə qədər ağır olsa da, Azərbaycan xalqının qəddi əyilmədi, əksinə xalqımız başını daha qürurla tutaraq dövlət müstəqilliyini bərpa etdi.
Sonda 20 Yanvar hadisələridən bəhs edən film nümayiş olunub.