20 Yanvar faciəsinin 25-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı təsdiqlənib

20 Yanvar faciəsinin 25-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı təsdiqlənib Həmçinin, saat 12.00-da bütün ölkə ərazisində şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi də nəzərdə tutulub
Daxili siyasət
2 Yanvar , 2015 11:28
20 Yanvar faciəsinin 25-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı təsdiqlənib

Bakı. 2 yanvar.REPORT.AZ/ Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbəri, akademik Ramiz Mehdiyev “20 Yanvar faciəsinin iyirmi beşinci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı”nın təsdiqlənməsi barədə sərəncam imzalayıb. “Report” xəbər verir ki, sərəncamda respublikanın şəhər və rayonlarında, o cümlədən idarə və təşkilatlarda 20 Yanvar hadisələri ilə bağlı toplantı, konfrans və mühazirələrin təşkili, mədəniyyət ocaqlarında faciəyə həsr olunmuş tamaşaların göstərilməsi, bədii və sənədli filmlərin nümayiş etdirilməsi, bu tədbirlərin kütləvi informasiya vasitələrində geniş işıqlandırılması, dünya ictimaiyyətinin diqqətini faciəyə yönəltmək məqsədi ilə Azərbaycanın xarici ölkələrdəki səfirlikləri, diplomatik nümayəndəlikləri və diaspor qurumları tərəfindən müvafiq tədbirlərin keçirilməsi, dünyanın aparıcı kütləvi informasiya vasitələrində, eləcə də televiziya kanallarında və internet şəbəkələrində 20 Yanvar faciəsi barədə materialların verilməsi nəzərdə tutulub.

Sənədə əsasən, 20 Yanvar hadisələri zamanı şəhid olanların ailələrinə humanitar yardım veriləcək, Şəhidlər xiyabanı ərazisində lazımi işlər aparılacaq, Azərbaycanda təmsil olunan əsas dini konfessiya və qurumlar tərəfindən faciə qurbanlarının xatirəsinə dini mərasimlər təşkil ediləcək.

Bundan başqa, sənəddə paytaxt ictimaiyyətinin yanvarın 20-də Şəhidlər xiyabanına ziyarətinin təşkili, saat 12.00-da bütün ölkə ərazisində şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, gəmilər, avtomobillər və qatarlar vasitəsilə səs siqnallarının verilməsi, gün ərzində Şəhidlər xiyabanında matəm musiqisinin səsləndirilməsi, respublikanın şəhər və rayonlarında, kənd və qəsəbələrində hüzn əlaməti olaraq dövlət bayraqlarının endirilməsi və digər tədbirlər nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi