Yuxarı

​Ziyafət Əsgərov: “ATƏT-in Minsk qrupu həmsədrlərinin helikopterin neytral ərazidə vurulması ilə bağlı bəyanatı Azərbaycana qarşı təxribatdır”

Helikopter bəyanatından sonra onlar deyiblər ki, helikopter hazırda neytral ərazidə yerləşir

Bakı. 20 noyabr. REPORT.AZ/ “ATƏT-in Minsk qrupu həmsədrlərinin helikopterin neytral ərazidə vurulması ilə bağlı bəyanatı Azərbaycana qarşı təxribatdır”. “Report” xəbər verir ki, bunu parlamentdə keçirilən iclasda sədrin birinci müavini Ziyafət Əsgərov deyib.

O bildirib ki, Azərbaycanın qarşısında Dağlıq Qarabağ münaqişəsi kimi ciddi problem durur: “Bu məsələyə toxunmağımın əsas səbəbi ötən gün ATƏT-in həmsədrlərinin çox mənasız bir bəyanatla çıxış etməsidir. Helikopter bəyanatından sonra onlar deyiblər ki, helikopter hazırda neytral ərazidə yerləşir. Bu bəyanatı tamamilə mənasız və məntiqsiz hesab edirik. Həmin ərazi Azərbaycanın ərazisidir. Buna görə də oranın neytral ərazi olmasından söhbət gedə bilməz. ATƏT-in Minsk qrupuna üzv olan dövlətlər dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini etiraf edərək qəbul ediblər. Bütün bunlardan sonra neytral ərazi anlayışı nə deməkdir? Ona görə də ATƏT-in Minsk qrupu həmsədrlərinin bu cür bəyanatı təxribatdır, məntiqsiz və mənasızdır”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi