Yuxarı
    Bağlamaq

    Zakir Həsənov: “Silahlı Qüvvələr Azərbaycanın ərazi bütövlüyünü bərpa etməyə tam hazırdır və buna qadirdir”

    “Azərbaycan ordusu hazırda cəbhə xəttində əməliyyat şəraitinə tam nəzarət edir”

    Bakı. 23 yanvar. REPORT.AZ/ "Son illər ərzində Raket və Artilleriya Qoşunlarının yeni, müasir silah və texnika, atəşi idarəetmə sistemləri ilə təminatı bu qoşun növünün zərbə gücünü kifayət qədər artıraraq, düşmənin bütün hərbi infrastruktur obyektlərini məhv etmək imkanlarını genişləndirib"

    "Report"un xəbərinə görə, bunu Azərbaycan Müdafiə Nazirliyinin Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində “N” hərbi hissəsinin yeni inşa edilən hərbi şəhərciyinin açılışında müdafiə naziri, general-polkovnik Zakir Həsənov deyib.

    O bildirib ki, Hərbi Hava Qüvvələrinin silahlanması yüksək səviyyədədir və qoşunlar qarşıda duran vəzifələri həll etmək, o cümlədən həm havadan, həm də qurudan istənilən hücumun qarşısını almaq, düşmənin ön xəttindəki və onun müdafiəsinin dərinliyindəki mövqelərinə havadan zərbə endirmək qabiliyyətinə malikdir.

    Nazirin sözlərinə görə, müxtəlif qoşun növlərinin iştirakı ilə döyüş atışlı irimiqyaslı təlimlərin keçirilməsi şəxsi heyətin idarəçilik və döyüş qabiliyyətinin artırılmasına, atəşin peşəkarlıqla idarə olunmasına imkan yaradıb.

    Z.Həsənov vurğulayıb ki, 2016-cı ilin aprel ayında Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısını alarkən Azərbaycan Ordusu yüksək döyüş qabiliyyəti nümayiş etdirərək on minlərlə kvadratmetr torpağı, o cümlədən strateji yüksəklikləri azad edib və hazırda cəbhə xəttində əməliyyat şəraitinə tam nəzarət edir. Silahlı Qüvvələrimizin aprel döyüşlərində nümayiş etdirdiyi döyüş ruhu və qabiliyyəti orduda keçirilən islahatların yüksək göstəricisidir. Silahlı Qüvvələrimiz Azərbaycanın ərazi bütövlüyünü bərpa etməyə tam hazırdır və buna qadirdir. 2017-ci ildə Silahlı Qüvvələrin qarşısında duran əsas vəzifələr işğal altındakı torpaqlarımızın azad edilərək ərazi bütövlüyümüzün bərpa olunması, döyüş qabiliyyətinin daim yüksək səviyyədə saxlanılması, qoşunların operativ idarə olunması, silahlanmaya yeni qəbul edilmiş hərbi texnika və digər döyüş vasitələrinin dərindən öyrənilməsi və tətbiqi, şəxsi-heyətin mənəvi-psixoloji hazırlığının möhkəmləndirilməsindən ibarətdir".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi