Yuxarı
    Bağlamaq

    ​Zakir Həsənov: "Qarabağ münaqişəsi regional sabitliyə əsas təhlükədir"

    Azərbaycanın müdafiə naziri Belarusun yeni səfiri ilə görüşüb

    Bakı. 22 sentyabr. REPORT.AZ/ Bu gün Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Belarusun ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Gennadi Axramoviç ilə görüşüb. Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

    Səfirə diplomatik fəaliyyətində uğurlar arzulayan müdafiə naziri Azərbaycanla Belarus arasında hərbi sahədə mövcud əməkdaşlığın və qarşılıqlı inamın güclənməsinə xidmət edən fəaliyyətləri qeyd edərək dövlətlərimizin regional təhlükəsizliyə verdiyi töhfələri xüsusi vurğulayıb.

    Bölgədəki hərbi-siyasi vəziyyətə toxunan nazir qeyd edib ki, uzun illər davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi regional sabitliyə əsas təhlükədir.

    Səmimi qəbul üçün minnətdarlığını bildirən səfir diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin, xüsusilə hərbi sahədə əməkdaşlığın inkişafı üçün səylərini əsirgəməyəcəyini deyib. Diplomat Azərbaycanla Belarus arasında müxtəlif istiqamətlərdə əməkdaşlığın inkişafı üçün geniş perspektivlərin olduğunu vurğulayıb.

    Bundan əlavə, görüşdə Azərbaycanla Belarus arasında hərbi, hərbi texniki, hərbi təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi, o cümlədən yeni hərbi texnologiyaların tətbiqi, mütəxəssislərin hazırlanması, Silahlı Qüvvələrin ekspertləri səviyyəsində qarşılıqlı təcrübə mübadiləsi, işçi görüşlərinin təşkili və digər məsələlər müzakirə olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi