Yuxarı
    Bağlamaq

    Xocalı soyqırımının ildönümü Silahlı Qüvvələrdə keçiriləcək silsilə tədbirlərdə anılacaq

    Şəxsi heyət Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidələri ziyarət edəcək

    Bakı. 19 fevral. REPORT.AZ/ Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Silahlı Qüvvələrdə Xocalı soyqırımının iyirmi dördüncü ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, təsdiq edilən plana əsasən, tədbirlər bir sıra şəhər və rayonları, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı hərbi təhsil müəssisələrini, mərkəzi və qarnizon zabitlər evlərini, klub və kitabxanları əhatə edir.

    İctimai-siyasi hazırlıq dərslərində "26 fevral - Xocalı soyqırımı" mövzusunda tədbirlərin təşkili, ilk dərslərin qanlı hadisəyə həsr edilməsi, konfrans və "dəyirmi masa"ların, ədəbi-bədii gecələrin, sərgilərin, faciə qurbanlarının ailə üzvləri ilə görüşlərin keçirilməsi, milli azadlıq uğrunda mübarizəyə həsr olunan sənədli və bədii filmlərin, tamaşaların nümayişi də nəzərdə tutulub.

    Tədbirlər planına əsasən, Goranboy rayonu icra hakimiyyəti ilə birlikdə "Xocalı qisasa çağırır bizi" devizi altında faciə qurbanlarının və "Qızıl ulduzlu qəhrəmanlarımız" silsiləsindən Beyləqan rayonundan olan Azərbaycan Milli Qəhrəmanlarının xatirəsinə həsr edilən anma mərasimləri təşkil olunacaq.

    Bundan əlavə, şəxsi heyət Xətai rayonunda, Goranboy rayon mərkəzində və Ağcakənd qəsəbəsində, eləcə də respublikanın digər şəhər və rayonlarında Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidələri ziyarət edəcək.

    Fevralın 26-da saat 17.00-da Müdafiə Nazirliyinin tabeliyində olan bütün birlik, birləşmə, hərbi hissə, idarə, təşkilat və xüsusi təyinatlı hərbi təhsil müəssisələrində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək, dövlət bayraqları endiriləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi