Yuxarı
    Bağlamaq

    Xocalı soyqırımına həsr olunan “Zülmətdən qaçarkən” filmi Kaliforniyada nümayiş etdirilib

    Filmin əsas süjet xətti Xocalı soyqırımının canlı şahidləri ilə aparılmış müsahibələr üzərində qurulub

    Bakı. 28 fevral. REPORT.AZ/ ABŞ-ın Kaliforniya ştatının Monterey şəhərinin Sülh və Ədalət Mərkəzində Xocalı soyqırımına həsr olunan geniş anım tədbri keçirilib.

    "Report" xəbər verir ki, Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun təşəbbüsü və təşkilatçılığı ilə keçirilən tədbirdə Xocalı faciəsinin dəhşətlərindən bəhs edən, ötən il Kaliforniyanın Los-Anceles şəhərində amerikalı kinematoqraflar tərəfindən çəkilən “Zülmətdən qaçarkən” (Running from the Darkness) sənədli filmi nümayiş etdirilib. 

    Tədbiri giriş sözü ilə açan Monterey Şəhər Şurasının keçmiş üzvü Nensi Selfric (Nancy Selfridge) 1992-ci ilin fevralında Ermənistan silahlı qüvvələri tərəfindən dinc azərbaycanlılara qarşı həyata keçirilmiş və müasir dövrün ən dəhşətli cinayətlərindən biri olan Xocalı qırğını haqqında ətraflı məlumat verərək, gələcəkdə buna bənzər faciələrin baş verməməsi, günahsız insanların öldürülməməsi üçün Xocalı həqiqətlərinin bütün dünyaya çatdırılmasının vacibliyini vurğulayıb.

    Sonra çıxış edən Montereyin nüfuzlu Yüksək Hərbi Dənizçilik Məktəbinin tələbəsi Emin Qurbanzadə Ermənistanın Azərbaycana qarşı təcavüzü haqqında danışaraq, işğal nəticəsində çoxlu sayda dinc azərbaycanlının amansızcasına qətlə yetirildiyini, öz torpaqlarından didərgin düşdüyünü, BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş və bu təcavüzü pisləyən müvafiq qətnamələrə Ermənistan tərəfindən hələ də əməl edilmədiyini bildirib.

    Sonra “Zülmətdən Qaçarkən” filmi nümayiş etdirilib. Filmin əsas süjet xətti Xocalı soyqırımının canlı şahidləri ilə aparılmış müsahibələr üzərində qurulub. Eyni zamanda, Xocalıda törədilmiş dəhşətli hadisələrlə bağlı ABŞ-ın ştat qanunvericilərinin və tanınmış din xadimlərinin bu soyqırımını pisləyən açıqlamalarına, tədqiqatçı alim və jurnalist rəylərinə yer verilir, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi altında “Xocalıya Ədalət” beynəlxalq kampaniyası çərçivəsində görülən işlər işıqlandırılır. Film tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.

    “Zülmətdən qaçarkən” filmi ABŞ-da Xocalı soyqırımı mövzusunda çəkilmiş ilk ekran əsəridir.

    Xatırladaq ki, Monterey şəhəri 2011-ci ildə Lənkəran şəhəri ilə qardaşlaşmış şəhərlər münasibətləri qurub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi