Xocalı soyqırımın 25 illiyi ilə əlaqədar İtaliyada bir sıra tədbir keçiriləcək

Xocalı soyqırımın 25 illiyi ilə əlaqədar İtaliyada bir sıra tədbir keçiriləcək Səfir: "Azərbaycan heç vaxt öz torpaqlarının işğalı ilə barışmayacaq"
Qarabağ
17 Fevral , 2017 20:53
Xocalı soyqırımın 25 illiyi ilə əlaqədar İtaliyada bir sıra tədbir keçiriləcək

Bakı. 17 fevral. REPORT.AZ/ İtaliyanın “Agenparl” xəbər agentliyi Xocalı soyqırımının 25-ci ildönümü ərəfəsində Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadədən müsahibə götürüb.

Azərbaycan XİN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, bəşəriyyətin müasir tarixinin ən kədərli səhifələrindən biri olan Xocalı soyqırımının baş verməsindən 25 il ötdüyünü deyən M.Əhmədzadə Ermənistan silahlı qüvvələrinin Xocalıda dinc azərbaycanlı əhaliyə qarşı törətdiyi vəhşiliklərdən danışıb.

“Bir azərbaycanlı kimi baş verənləri bu gün xatırlamaq bir sıra səbəblərdən çox ağrılıdır. İlk öncə ona görə ki, qətlə yetirilənlər dinc sakinlər olmuşlar və onların yeganə günahı azərbaycanlı olmaları idi", - səfir bildirib.

“Beynəlxalq ictimaiyyətin bu məsələyə dair qəti mövqeyi Ermənistanın Xocalı soqyırımı ilə bağlı öz inkarçı mövqeyindən və Azərbaycana qarşı hərbi işğaldan əl çəkməsi üçün önəmlidir. Bunun üçün, hər şeydən öncə, Xocalıda baş verənlərə dair beynəlxalq səviyyədə daha geniş məlumatlandırma vacibdir”, deyən diplomat bu il Xocalı soyqırımının 25-ci ildönümünün İtaliyanın müxtəlif şəhərlərində çoxsaylı tədbirlərlə qeyd ediləcəyini, Romada 20 fevral tarixində italyan musiqiçilərinin və aktyorlarının ifasında ədəbi-musiqili tamaşanın nümayiş etdiriləcəyini bildirib.

Azərbaycan diplomatı İtaliyanın Minsk qrupunun ilk sədri olduğunu və vaxtikən Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılması planını da təqdim etdiyini, təəssüf ki, çox illər keçsə də vəziyyətin dəyişmədiyini və Ermənistan silahlı qüvvələrinin hələ də işğal olunmuş ərazilərdə qaldığını bildirib.

Sonda diplomat Azərbaycan heç vaxt öz torpaqlarının işğalı ilə barışmayacağını və öz suverenliyini və ərazi bütövlüyünü bərpa etmək üçün bütün mümkün imkanlardan istifadə edəcəyini deyib.

Son xəbərlər

Orphus sistemi