Xocalı soyqırımı qurbanlarının xatirəsi Batumidə anılıb

Xocalı soyqırımı qurbanlarının xatirəsi Batumidə anılıb Tədbirdə gürcü dilinə tərcümə olunan “Xocalıda son gecə” sənədli filmi nümayış olunub
Qarabağ
24 Fevral , 2017 09:52
Xocalı soyqırımı qurbanlarının xatirəsi Batumidə anılıb

Tbilisi. 24 fevral. REPORT.AZ/ Xocalı soyqırımı qurbanlarının xatirəsi Batumidə də anılıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, Azərbaycanın Batumi şəhərindəki baş konsulluğu tərəfindən təşkil olunan tədbirdə əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Baş konsul Rəşad İsmayılov çıxış edərək, soyqırımı haqqında qonaqlara ətraflı məlumat verib, bu faciənin Azərbaycan xalqının qan yaddaşında ən ağrılı səhifələrdən biri olduğunu vurğulayıb. R.İsmayılov bildirib ki, o zamankı Azərbaycan hakimiyyəti bu dəhşətli hadisəyə siyasi qiymət verilməsi, qanlı qırğın barədə obyektiv məlumatların dünya ictimaiyyətinə çatdırılması üçün heç bir əsaslı iş görməyib.Yalnız ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gəldikdən sonra həmin qanlı faciəyə hüquqi-siyasi qiymət verilib. 1994-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan parlamenti 26 fevralı Xocalı soyqırımı günü kimi elan edib.

Sonra Acarıstanın tanınmış gənc incəsənət xadimlərinın iştirakı ilə Xocalı faciəsinin 25 illiyinə həsr olunan gürcü dilində video çarx nümayiş olunub.

Baş konsulluğun təşəbbüsü ilə hazırlanan video çarxda, gürcü gənclər öz ana dillərində qardaş xalqın 25 il əvvəl başına gətirilən, insanlığa qarşı edilən cinayət əməli haqqında öz həmvətənlərinə məlumat veriblər. Video çarxda gürcü gənclərin təqdimatı ilə yanaşı Xocalıdan çəkilmiş video xronikalar da yer alıb. Bu video çarx Gürcüstan vətəndaşlarını Xocalı faciəsi haqqında düzgün məlumatlandırmaq və əsl həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində atılan bir addımdır.

Tədbirdə, həmçinin gürcü dilinə tərcümə olunan “Xocalıda son gecə” sənədli filmi nümayış olunub.

Mərasimdə Acarıstanın dövlət və hökumət qurumlarının təmsilçiləri, parlament üzvləri, Batumidə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, Batumi Dövlət Universitetinin professor-müəllim heyəti , "SOCAR" şirkətinin, Kulevi terminalının rəhbər heyəti və əməkdaşları, Batumidəki Azərbaycan və digər icmaların üzvləri iştirak ediblər.

Tədbirin keçirildiyi salonun foyesində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət" beynəlxalq təşviqat kampaniyası çərçivəsində, kaş konsulluq tərəfindən gürcü dilinə tərcümə edilən “Müharibə cinayətinin Xocalı şahidi: Ermənistan müttəhim kürsüsündə” kitabı iştirakçılara təqdim olunub. 

Son xəbərlər

Orphus sistemi