Yuxarı

Baş nazirin müavini: "Xocalı faciəsinin törədilməsində iştirak etmiş insanlar Ermənistanda hakimiyyətdədirlər"

Dünyada indiyə qədər bu faciəyə lazımi hüquqi və siyasi qiymət verilməyib

Bakı. 25 fevral. REPORT.AZ/ "Xocalı faciəsinin törədilməsində birbaşa iştirak etmiş, qadınların, uşaqların, qocaların qanını tökmüş insanlar bu gün Ermənistanda hakimiyyətdədirlər".

"Report"un xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyası sədrinin müavini - icra katibi, baş nazirin müavini Əli Əhmədov deyib.

O bildirib ki, dünyada indiyə qədər bu faciəyə lazımi hüquqi və siyasi qiymət verilməyib: "Azərbaycan xalqı Xocalıda qətlə yetirilmiş vətəndaşlarımızın xatirəsini həmişə uca tutub. Hər il Azərbaycanın müxtəlif qurumları, vətəndaşlarımız, gənclərimiz Xocalı faciəsi həqiqətlərinin dünyaya yaymaq istiqamətində böyük işlər görürlər və güman edirəm ki, görülən işlər öz töhfələrini verməlidir. Xüsusi olaraq Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət" kampaniyası çərçivəsində görülən işləri qeyd etmək istəyirəm və güman edirəm ki, bu kampaniyanın həyata keçirilməsində çoxlu sayda gənclər iştirak edirlər. Elə bunun sayəsində Xocalı faciəsinin dünyada tanıdılması istiqamətində ciddi addımlar atılıb. Xocalı soyqırımı Azərbaycanın tarixində ən qanlı faciələrdən biridir. Təkcə Azərbaycan tarixində deyil, dünyada XX əsrin son onilliyində baş vermiş ən tükürpədici, qanlı faciələrdən biridir. Bizim üzərimizə düşən başlıca vəzifə ondan ibarət olmalıdır ki, bu faciəyə bütün dünyada ən layiqli hüquqi və siyasi qiymətin verilməsinə nail ola bilək. Faciəni törədənlərin hüquq və qanun qarşısında cavab verməsini təmin edə bilək. Ən xoşagəlməyən hal da ondan ibarətdir ki, terrorizmə qarşı, soyqırımlara qarşı çıxan dövlətlər, dövlət başçıları bir sıra hallarda Xocalı faciəsini törədən, Xocalıdakı insanların qanına əlini bulamış insanları nəvazişlə qəbul edirlər. bu, dünyadakı ikili standartların ən ifrat formasıdır. Nə qədər ki, bu ikili standartlar aradan qaldırılmayıb, nə qədər ki, bütün faciələrə, o cümlədən də Xocalı faciəsinə düzgün, ədalətli hüquqi və siyasi qiymət verilməyib, təbiidir ki, onda dünyada ədaləti, sülhü, əminamanlığı bərqərar etmək olmaz, yeni-yeni faciələrin qarşısını almaq mümkün deyil. Necə ki bu gün bütün dünyada insanları lərzəyə salan faciələr baş verir. Xocalı faciəsi baş verəndə bu faciələr yox idi, ancaq ondan sonra Avropanı lərzəyə salan Balkan faciələri başladı, bu gün dünyanı lərzəyə salan Yaxın Şərq faciələri başladı. Əlbəttə bir faciəyə layiqli qiymət verməyəndə, cinayəti törədənlər qanun qarşısında cavab verməyəndə təbii ki, növbəti faciələr baş verir, necə ki, biz bunu tarixdə görmüşük. Dünya dövlətləri bu faciələrdən lazımi nəticələr çıxarmalıdırlar ki, növbəti dövrlərdə belə faciələr baş verməsin".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi