Yuxarı
    Bağlamaq

    Xocalı faciəsinin 25-ci ildönümü Buxarestdə də anılıb

    Səfirliyin sosial şəbəkələrdə mövcud olan səhifələrində Xocalı faciəsi ilə bağlı müxtəlif məlumatlar yerləşdirilib

    Buxarest. 24 fevral. REPORT.AZ/ Azərbaycanın Rumıniyadakı səfirliyində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb. 

    "Report”un Şərqi Avropa bürosunun məlumatına görə, tədbir iştirakçıları ilk olaraq Xocalı şəhərində qətlə yetirilən insanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. 

    Çıxışlarda Azərbaycan xalqının tarix boyu erməni millətçilərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalmasından, öz tarixi topraqlarından qovulmasından, qaçqın və məcburi köçkünə çevrilməsindən və bütün bunların ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunmasından danışılıb. 

    Tədbir iştirakçılarına “Xocalıya ədalət” beynəlxalq təbliğat-təşviqat kampaniyası haqqında məlumat verilib, beynəlxalq miqyasda, o cümlədən Rumıniyada Xocalı soyqırımı ilə bağlı həqiqətlərin təbliğində diaspor üzvlərinin bundan sonra da aktiv fəaliyyətlərinin vacibliyi vurğulanıb. Sonda Xocalı soyqırımına həsr olunan film nümayiş olunub.

    Xocalı soyqırımı ilə bağlı səfirlik tərəfindən hazırlanan pres-reliz Rumıniyanın yerli kütləvi informasiya vasitələrinə, Rumıniya parlamentinə, rəsmi dövlət orqanlarına, qeyri-hökumət təşkilatlarına, Rumıniyada fəaliyyət göstərən səfirlik və beynəlxalq təşkilatların nümayəndəliklərinə də göndərilib. Səfirliyin sosial şəbəkələrdə mövcud olan səhifələrində Xocalı faciəsi ilə bağlı müxtəlif məlumatlar yerləşdirilib.

    Qeyd edək ki, anım tədbirində Azərbaycanın Rumıniyadakı səfirliyin əməkdaşları, “SOCAR Petroleum SA” şirkətinin nümayəndələri, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyəti, Rumıniya-Azərbaycan İkitərəfli Sənaye və Ticarət Palatası, Rumıniya-Azərbaycan Mədəniyyət və Gənclər Assosiasiyası İdarə Heyətinin üzvləri, Rumıniyada yaşayan və təhsil alan azərbaycanlılar, işgüzar dairələrin nümayəndələri iştirak ediblər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi