Yuxarı

Azərbaycan XİN: İşğal edilmiş ərazilərə səfər edənlərin əksəriyyəti Ermənistan vətəndaşlarıdır

Bu səfərləri həyata keçirən şəxslər azərbaycanlı qaçqın və məcburi köçkünün həssas hisslərinə toxunur

Bakı. 2 mart. REPORT.AZ/ Azərbaycan XIN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev "arzuedilməz şəxslər" siyahısı ilə əlaqədar "Report" da daxil olmaqla, informasiya agentliklərinin suallarını cavablandırıb. "Report" həmin müsahibəni təqdim edir:

- Azərbaycan Respublikasının razılığı olmadan işğal edilmiş ərazilərə səfər edən şəxslərin məsuliyyəti məsələsinə aydınlıq gətirməyinizi xahiş edirik.

- Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə Azərbaycanın razılığı olmadan həyata keçirilən səfərlər "Azərbaycan Respublikasının dövlət sərhədi haqqında" qanunun pozulmasıdır. Buna görə də belə səfərləri həyata keçirən şəxslər "arzuedilməz şəxslər" siyahısına daxil edilirlər. Ümumiyyətlə, bu, dünyada qəbul olunmuş bir praktikadır. Ölkələrin sərhəd-keçid qaydalarını və digər qanunlarını pozan şəxslərin həmin ölkəyə girişinə qadağa qoyulur.

Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edən şəxslər Ermənistanın Azərbaycana qarşı işğal və təcavüzü və qanlı etnik təmizləmə siyasətinin nəticələrini təşviq etmələrinə görə daşıdıqları siyasi və mənəvi məsuliyyətlərini də dərk etməlidirlər. Belə ki, beynəlxalq hüququn norma və prinsiplərinə və BMT nizamnaməsinə zidd şəkildə Ermənistan Azərbaycan ərazilərini işğal edib və bu ərazilərdə azərbaycanlılara qarşı qanlı etnik təmizləmə siyasəti həyata keçirib.

Bu səfərləri həyata keçirən şəxslər onu da dərk etməlidirlər ki, onların bu qəbildən olan səfərləri bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün həssas hissələrinə toxunur.

Dünya ölkələrinin əksəriyyəti tərəfindən də Xarici İşlər Nazirlikləri vasitəsilə öz vətəndaşlarını bu kimi qeyri-qanuni səfərdən çəkindirən xəbərdarlıq verilib.

İşğal olunmuş ərazilərə səfər edən şəxslər öz şəxsi təhlükəsizliklərini də nəzərə almalıdırlar. İşğal olunmuş ərazilərdə müharibə vəziyyəti hökm sürməklə bərabər, insan alveri, silah qaçaqmalçılığı, narkotik malların istehsalı və tranziti, terrorçuların hazırlığı və sair digər belə fəaliyyətlər də həyata keçirilir.

- "Arzuedilməz şəxslər" siyahısının yenilənmiş versiyası XİN tərəfindən təqdim olunub. Ümumiyyətlə, işğal olunmuş ərazilərə səfər edənlərin əksəriyyətini kimlər təşkil edir?

- Ümumiyyətlə, Ermənistan tərəfindən "statistik metodlar" vasitəsilə fərqli bir mənzərə təqdim etmək siyasəti yürüdülür. İlk növbədə onu qeyd edək ki, dünya səyahət xəritəsində Ermənistan hər hansı bir formada cəlbedici dövlət deyil və bu ölkəyə olan səfərlər çox məhdud xarakter daşıyır. Ermənistanın işğalı altında olan Azərbaycan ərazilərinə səfərdən isə əksər şəxslər digər ölkənin ərazisi olduğu və riskli müharibə zonası olduğuna görə çəkinirlər. Təhlillər göstərir ki, işğal edilmiş ərazilərə səfər edənlərin əksəriyyəti Ermənistan vətəndaşlarıdır. Onların da mütləq əksəriyyətini əsgər valideynləri təşkil edir. Ermənistan ordusundakı acınacaqlı vəziyyətə görə əsgər valideynləri Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirilmiş əsgər övladlarına mütəmadi əsasda qida, dərman və digər azuqə aparırlar. Ermənistan rejimi isə işğal olunmuş Azərbaycan ərazilərində yerləşdirilmiş saxta "sərhəd məntəqəsi" vasitəsilə səfər edən əsgər valideynlərinin uçotunu aparır və bunu "statistika" naminə istifadə edir.

Əsasən səfər edən digər şəxslər qrupuna erməni diaspora üzvləri və onların təsiri altında olan şəxslər daxildir. Bu kimi şəxslərin səfərləri bilavasitə erməni diasporasının maliyyəsi vasitəsilə təşkil olunur. Bu şəxslərin təkrar səfərləri təşkil olunaraq, erməni diasporu və Ermənistan tərəfindən sanki yeni səfərlər kimi təqdim olunur.

Bu və ya digər məqsədlə Ermənistan səfər edən şəxslərin aldadılaraq, Azərbaycanın işğal olunmuş ərazilərinə aparılması halları da geniş yayılıb.

Azərbaycan tərəfindən həyata keçirilən tədbirlər, o cümlədən "arzuedilməz şəxslər" siyahısının tətbiq olunmasından sonra işğal olunmuş ərazilərə səfərlərin kəskin azalmasına görə Ermənistan əvvəllər bu ərazilərə səfər edən xarici vətəndaşların pasportlarına "viza" vururdu, indi isə bu qeyri-qanuni səfərlər barəsində iz qoymamaq üçün "viza" vurulmasını aradan qaldırılıb.

- İndiyə qədər nə qədər şəxs bu siyahıdan çıxarılıb və ümumiyyətlə, siyahıdan çıxarılmaq üçün prosedur nədən ibarətdir?

- İndiyə qədər 10-dan artıq şəxsin adı bu siyahıdan çıxarılıb. Müraciətlər çox olsa da, hər bir belə müraciət fərdi əsasda nəzərdən keçirilir və bu şəxsin siyahıdan çıxarılması barəsində qərar qəbul olunur.

Prosedur olaraq, adının bu həqarətli siyahıdan çıxarılmasını istəyən şəxslər yazılı məktubla Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və diplomatik nümayəndəliklərimizə müraciət edə bilərlər. Bu müraciətdə Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinə və qanunlarına hörmət və qanunsuz səfərdən peşmançılıq ifadə olunmalıdır. Bu müraciət müvafiq qaydada nəzərdən keçiriləcəkdir.

"Arzuedilməz şəxslər" siyahısının tətbiq olunmasından sonra özünü göstərən digər müsbət məqam da jurnalist və ya elmi araşdırma məqsədilə işğal edilmiş ərazilərə səfər etmək niyyətində olan şəxslərin bu kimi səfər barəsində Azərbaycan Respublikasından əvvəlcədən icazə almalarıdır.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi