Bakı. 23 may. REPORT.AZ/ Azərbaycan
XİN sözçüsü vurğulayıb ki, beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi beynəlxalq ictimaiyyət tərəfindən qəti şəkildə dəstəklənir: “BMT Təhlükəsizlik Şurasının münaqişə ilə əlaqədar qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrində Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı bir daha təsbit olunaraq, işğalçı qüvvələrin dərhal, tam və qeyd-şərtsiz işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması tələb olunur. 853 saylı qətnamənin 9-cu bəndində isə məxsusi olaraq, “Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinə” istinad edilir. Riqa Sammitinin yekun bəyənnaməsinə qoşulan Ermənistan rəhbərliyi əslində Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini bir daha bildirir. Riqa bəyannaməsinin 3-cü bəndində bütün tərəfdaş dövlətlərin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinin dəstəklənməsinə münasibətdə öhdəlik təsbit olunub. Riqa bəyannaməsinin 5-ci bəndinə əsasən isə Ermənistan rəhbərliyi münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə dair öz üzərinə öhdəlik götürür.
Qeyri-ciddi olan və gülünc doğuran bu kimi bəyanatların əvəzinə Ermənistan rəhbərliyi beynəlxalq öhdəliklərinə uyğun olaraq, nəhayət məsuliyyətli davranış nümayiş etdirməli, işğal olunmuş Azərbaycan ərazilərindən öz qoşunlarını çıxarmalı və işğala son qoymalıdır. Bunun baş vermədiyi halda, yarana biləcək hər hansı vəziyyətə görə məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür”.