Yuxarı
    Bağlamaq

    ​XİN rəhbəri: "Dağlıq Qarabağ regionu hər zaman Azərbaycanın ayrılmaz tərkib hissəsi olub və olmaqda da davam edəcək"

    Elmar Məmmədyarov: Ermənistan Prezidentinin yalan və təcavüzkar bəyanatını rədd edirik

    "Beynəlxalq ictimaiyyət uşaq, qadın və ahıllar da daxil olmaqla, azərbaycanlı mülki şəxslərin Ermənistanın işğalçı qoşunları tərəfindən amansız qırğınını, Ermənistanda ölkənin bütün siyasi elitasını qətlə yetirməklə hərbi diktaturanın yaradılmasını və saxta prezident seçkilərinə etiraz edən dinc nümayişçilərin öldürülməsinin hələ də xatırlayır"

    Bakı. 1 oktyabr. REPORT.AZ/ "Dağlıq Qarabağ regionu hər zaman Azərbaycanın ayrılmaz tərkib hissəsi olub və olmaqda da davam edəcək".

    "Report" xəbər verir ki, bunu BMT Baş Assambleyasının 70-ci yubiley sessiyasının ümumsiyasi müzakirələri zamanı çıxış edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib.

    E.Məmmədyarov deyib ki, Ermənistan prezidenti Serj Sarqsyan BMT-də ümumi müzakirələr zamanı saxtakarlıq, təhrif və yalan yığımından ibarət çıxışında reallıqda öz hökuməti tərəfindən məhəl qoyulmayan və əksinə gedilən prinsip və dəyərlər barəsində mühazirə oxumağa cəhd edib: "Beynəlxalq ictimaiyyət uşaq, qadın və ahıllar da daxil olmaqla, azərbaycanlı mülki şəxslərin Ermənistanın işğalçı qoşunları tərəfindən amansız qırğınını, Ermənistanda ölkənin bütün siyasi elitasını qətlə yetirməklə hərbi diktaturanın yaradılmasını və saxta prezident seçkilərinə etiraz edən dinc nümayişçilərin öldürülməsinin hələ də xatırlayır.

    Ermənistanın müharibəyə başlaması və Azərbaycana qarşı güc tətbiq etməsi, onun ərazisinin beşdə birini, o cümlədən Dağlıq Qarabağ və onun ətrafındakı yeddi rayonu işğal etməsi, bir milyona yaxın azərbaycanlını öz evlərindən zorla qovaraq zəbt edilmiş ərazilərdə etnik təmizləmə həyata keçirməsi və münaqişə ərzində digər ağır cinayətlər törətməsi hamıya yaxşı məlumdur. Beynəlxalq ictimaiyyət Azərbaycana qarşı gücün tətbiqini və nəticə etibarilə, onun ərazilərinin işğal edilməsini davamlı olaraq kəskin şəkildə pisləyib".

    XİN başçısı vurgulayıb ki, BMT-nin Təhlükəsizlik Şurası 1993-cü ildə Azərbaycanın ərazilərinin işğal edilməsini qınayan və Azərbaycanın suverenliyi və ərazi bütövlüyü və Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədlərinin toxunulmazlığını bir daha təsdiq edən 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı qətnamələr qəbul edib: "Təhlükəsizlik Şurası bu qətnamələrdə Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olmasını təsdiq etmiş və işğalçı qüvvələrin bütün işğal edilmiş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb etmişdir. Digər beynəlxalq təşkilatlar da oxşar mövqe nümayiş etdirib. 

    Ermənistan beynəlxalq ictimaiyyətin mövqeyinə tam hörmətsizlik edərək və beynəlxalq hüququn ümumi qəbul olunmuş norma və prinsiplərini kobud şəkildə pozaraq özünün qeyri-real işğalçılıq iddialarında təkid etməkdə, işğal edilmiş ərazilərin fiziki, demoqrafik və mədəni adlarını dəyişdirərək və yüz minlərlə məcburi şəkildə köçürülmüş azərbaycanlının öz doğma yurdlarına qayıtmasını və bu ərazilərdəki öz əmlakına sahib olmaq hüququnu rədd edərək hazırkı status-kvonun möhkəmlənməsinə yönəlmiş səylər göstərməyə davam edir.

    Avropa İnsan Hüquqları Məhkəməsi Çıraqov və digərləri Ermənistana qarşı işi üzrə çıxardığı qərarda Azərbaycan ərazilərinin işğalı və azərbaycanlı məcburi köçkünlərin hüquqlarının pozulmasına görə Ermənistanın məsuliyyət daşıdığını təsbit etmişdir. Bu qərara və beynəlxalq hüququn norma və prinsiplərinə tam şəkildə hörmətsizlik edərək, Ermənistan işğal olunmuş ərazilərin fiziki, demoqrafik və mədəni xarakterini dəyişməklə mövcud status kvonu daha da möhkəmləndirmək istiqamətində səylərini davam etdirir və öz evlərindən zorla qovulmuş yüz minlərlə azərbaycanlının evlərinə qayıtması və mülkiyyətlərini əldə etməsi hüququnun ifadə olunmasına imkan vermir.

    26 sentyabr 2015-ci il tarixində Ermənistan Prezidenti Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ regionuna Ermənistanın bir hissəsi kimi istinad edilən bəyanat vermişdir. Biz qəti şəkildə bu yalan və təcavüzkar bəyanatı rədd edirik. Bu bəyanat Ermənistanın BMT Nizamnaməsi və beynəlxalq hüquqdan irəli gələn öhdəliklərinə məhəl qoymadığını bir daha sübut edir və Ermənistan tərəfindən Azərbaycana qarşı təcavüzün törədilməsinin ən yüksək səviyyədə daha bir etirafıdır. Bu Ermənistan rəhbərliyinin sülhə konstruktiv yollarla nail olunması prosesindən nə dərəcədə uzaq olmasının göstəricisidir. Bu bəyanatda Ermənistan prezidenti hətta ölkəsinin dünyanın ən hərbiləşdirilmiş regionu olmasından fəxr etdiyini bildirir.

    Bunların fonunda Ermənistanın etimad quruculuğu tədbirləri barəsində möhtəkirliyi yalandan başqa bir şey deyildir. Ermənistanın tarixi təhriflər əsasında qonşu dövlətlərə qarşı açıq-aşkar ərazi iddiaları, Azərbaycana qarşı təcavüzü, onun ərazilərini işğal etməsi və etnik təmizləmə aparması, münaqişənin gedişində törədilmiş cinayətlərə görə məsuliyyəti təkidlə inkarı, Azərbaycanın Dağlıq Qarabağ regionunun azərbaycanlı və erməni icması arasında birbaşa təmaslara qarşı çıxması və itkin düşmüş şəxslər məsələsi üzrə ciddi əməkdaşlıqdan yayınması etimadın olmamasının əsl səbəbləridir.

    Effektiv etimad quruculuğu tədbirləri üçün ən vacibi və ilk növbədə təxirə salınmadan Ermənistanın silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasına dair plan həyata keçirilməlidir. Qoşunların təmas xətti boyunca insidentlərin araşdırılması mexanizminin yaradılması barəsində ideyalara gəlincə, qeyd etməliyik ki, bu insidentlərin baş verməsinin əsas səbəbi Ermənistanın silahlı qüvvələrinin qeyri-qanuni şəkildə işğal olunmuş Azərbaycan ərazilərində mövcudluğudur. Əks təqdirdə, bu ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin prezidentlərinin də dəfələrlə qəbuledilməz və qeyri-davamlı olduğunu bəyan etdikləri status kvonun saxlanmasına xidmət edəcəkdir.

    Dağlıq Qarabağ regionu hər zaman Azərbaycanın ayrılmaz tərkib hissəsi olub və olmaqda da davam edəcək. Biz heç bir zaman öz ərazilərimizin işğalı ilə barışmayacağıq. Münaqişə yalnız Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində onun suverenliyi və ərazi bütövlüyü əsasında həll edilə bilər. Azərbaycan ərazilərinin hərbi yolla işğalı həll yolu deyil və heç vaxt Ermənistan tərəfindən arzu olunan siyasi nəticə verməyəcək. Ermənistan bu reallığı nə qədər tez dərk etsə, münaqişə o qədər tez həll edilər və regiondakı ölkələr və xalqlar əməkdaşlıq və iqtisadi inkişaf perspektivlərindən faydalanar.

    Azərbaycan münaqişənin danışıqlar yolu ilə tezliklə nizamlanmasında ən maraqlı tərəfdir. Buna baxmayaraq, danışıqlar yolu Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərimizdən tamamilə və qeyd-şərtsiz çıxarılması ilə nəticələnməsə, Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsi ilə təsbit olunmuş hüququndan istifadə edərək, beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünün bərpasını təmin etmək məcburiyyətində qalacaq.

    Azərbaycan BMT üzv dövlətlərinin Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edən və onun suverenliyi və ərazi bütövlüyünə aid olan məsələlər üzrə dəfələrlə göstərdiyi prinsipial mövqeyi yüksək qiymətləndirir. Biz beynəlxalq ictimaiyyətin BMT Nizamnaməsinin məqsəd və prinsiplərini müdafiə etmək istiqamətində qətiyyətli mövqeyinə, eləcə də, onun Azərbaycanın ədalətli mövqeyi ilə həmrəyliyinə güvənirik".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi