XİN: Nalbandyan Ermənistan-Azərbaycan münaqişəsinin əsl mahiyyətini təhrif etməyə çalışıb

XİN: Nalbandyan Ermənistan-Azərbaycan münaqişəsinin əsl mahiyyətini təhrif etməyə çalışıb "Azərbaycan münaqişənin həlli prosesinə sadiqdir və bu sahədə ATƏT-in Minsk Qrupunun səylərini dəstəkləyir"
Qarabağ
12 Mart , 2015 11:43
XİN: Nalbandyan Ermənistan-Azərbaycan münaqişəsinin əsl mahiyyətini təhrif etməyə çalışıb

Bakı. 12 mart. REPORT.AZ/ Martın 11-də  ATƏT-in Daimi Şurasının iclasında çıxış edən Ermənistan xarici işlər naziri Edvard Nalbandyan Ermənistan-Azərbaycan münaqişəsinin əsl mahiyyətini təhrif etməyə çalışıb. "Report"un məlumatına görə, bu barədə  Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bidirib.

O qeyd edib ki, Azərbaycanın ATƏT yanında Daimi Nümayəndəliyi  sözügedən iclasda E. Nalbandyanın çıxışına cavab verib. Cavab çıxışında bildirilib ki, ATƏT-in Daimi Şurasının bu xüsusi toplantısı Ermənistan tərəfinə zor tətbiq etməklə dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin pozulması halları ilə bağlı ATƏT üzv dövlətlərinin artan narahatlıqlarını anlamaq üçün nadir imkan yarada bilər.

Çıxış zamanı qeyd olunub ki, Azərbaycan Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesinə sadiqdir və bu sahədə ATƏT-in Minsk Qrupunun səylərini dəstəkləyir: "Amma Vyanada ATƏT-in Minsk Qrupunun tam formatda müntəzəm görüşlərinin bərpası dialoq üçün ehtiyac duyulan bir platforma rolunu oynaya bilər".

Azərbaycanın ATƏT yanında Daimi Nümayəndəliyi Ermənistanı beynəlxalq ictimaiyyət və ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərinin prezidentlərinin çağırışlarına cavab olaraq, dərhal hərtərəfli və strukturlaşdırılmış danışıqlara başlamasına çağırıb. "Ermənistan Prezidentlərin Paris görüşündə razılaşdırıldığı kimi Beynəlxalq Qızıl Xaç Komitəsinin himayəsi altında itkin düşmüş şəxslər barəsində məlumat mübadiləsini təmin etməlidir; Ermənistan tərəfindən qanunsuz şəkildə girov götürülmüş soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyev dərhal azad edilməlidir", - əlavə edilib.

"Ermənistanın münaqişə zonasındakı fəaliyyəti danışıqlarda irəliləyişə nail olunmasına mane olur. Paris görüşündən bir neçə gün sonra Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistan tərəfindən genişmiqyaslı hərbi təlimlərin keçirilməsi Azərbaycan və Ermənistan prezidentləri arasında baş tutmuş son üç görüşdə müşahidə edilən hər hansı müsbət dinamikanı təhdid etdi. İşğal edilmiş ərazilərdə ermənilərin qanunsuz məskunlaşdırılmasının davam etdirilməsinə paralel olaraq, bu ərazilərdə qanunsuz olaraq təbii sərvətlərin istismarı, dövlət və özəl mülkiyyətin qanunsuz mənimsənilməsi halları göstərir ki, Ermənistanın əsl məqsədi status kvo-nu möhkəmləndirmək və Azərbaycan ərazilərinin işğalını davam etdirməkdir. Yerli Azərbaycan əhalisinin iştirakı olmadan qondarma “parlament seçkiləri” keçirilməsinə dair plan da Ermənistanın münaqişənin həllinə münasibətdə "fait accompli" yanaşma cəhdinin daha bir bariz nümunəsidir", - çıxış zamanı qeyd olunub.

"Münaqişə zonasının hərbisizləşdirilməsindən sonra etimadın yaradılması, münaqişədən zərər görmüş ərazilərin reabilitasiyası və azərbaycanlı məcburi köçkünlərin evlərinə qayıtması üçün zəruri şərait yaranacaq. Təbii ki, münaqişədən əziyyət çəkmiş Azərbaycanın Dağlıq Qarabağ regionunun azərbaycanlı və erməni icması arasında dialoqun bərpasına nə qədər tez başlasaq, hər iki icmanın birgə dinc yanaşı yaşaması üçün şanslar bir o qədər tez yaranar; Ermənistanın mövcud status kvo-ya arxayın olması tarixi səhvdir. Ermənistanın on illiklər boyu davam edən siyasəti Ermənistanı regional inkişafdan məhrum edir. Azərbaycan və Ermənistan arasında artan iqtisadi, siyasi və sosial fərqlərə baxmayaraq, biz qonşuluğumuzda kiçik, təcrid olunmuş və demək olar ki, bütün qonşularına qarşı ərazi iddiası olan təcavüzkar dövlətin mövcudluğunda maraqlı deyilik", - vurğulanıb.

Son xəbərlər

Orphus sistemi