Bakı. 7 aprel. REPORT.AZ/ Moldovanın Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyi beynəlxalq ictimaiyyətin, eləcə də, ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağda sülhün bərqərar olunması üzrə səylərini dəstəkləyir.
"Report" xəbər verir ki, bu barədə idarənin mətbuat xidmətinin məlumatında bildirilir.
"Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyi Dağlıq Qarabağda eləcə də, mülki əhali arasında itkilərə səbəb olan vəziyyətin gərginləşməsi ilə əlaqədar narahatlığını ifadə edir. Moldova hakimiyyəti münaqişə tərəflərini bu şəraitdə atəşkəsə əməl etməyə, güc tətbiqdən yayınmağa və hərbi əməliyyatların eskalasiyasından çəkinməyə çağırır", — deyə nazirliyin məlumatında bildirilir.
Moldovanın xarici siyasət idarəsi ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağda münaqişənin sülh yolu ilə həlli yollarının tapılması üçün göstərdiyi fəaliyyətini dəstəkləyir.