Yuxarı
    Bağlamaq

    XİN: Kiprin XİN başçısının fikirləri Ermənistanın təcavüz və işğal siyasətinin təşviq edilməsinə xidmət göstərir

    Hikmət Hacıyev: “Bu kimi ziddiyyətli açıqlaması ilə Kiprin xarici işlər naziri özü-özünü inkar edir”© Report

    Bakı. 31 may. REPORT.AZ/ Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Kiprin yunan hissəsinin xarici işlər naziri İoannis Kasoulidesin Ermənistanın müdafiə naziri ilə görüşü zamanı Dağlıq Qarabağ münaqişəsi kontekstində Azərbaycanın Dağlıq Qarabağ regionu ilə əlaqədar səsləndirdiyi fikirlərə münasibət bildirib.

    “Report” xəbər verir ki, XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, Kiprin xarici işlər naziri tərəfindən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar səsləndirilən fikirlər Kiprin beynəlxalq hüquq, Helsinki Yekun Aktı və digər beynəlxalq sənədlərlə üzərinə götürdüyü öhdəlikləri ilə bilavasitə ziddiyyət təşkil edir, Ermənistanın Azərbaycana qarşı təcavüz və işğal siyasətinin təşviq edilməsinə xidmət göstərir: “Onun bu fikirləri ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə münaqişənin danışıqlar yolu ilə həlli prosesinə və regionda davamlı sülhün təmin olunması səylərinə zərər vurur".

    Azərbaycanın XİN rəsmisi vurğulayıb ki, bu fikirlər Kiprin üzvlüyünü daşıdığı Avropa İttifaqı, ATƏT və Avropa Şurasının münaqişə ilə bağlı beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan mövqeyi ilə bir araya sığmır: “Avropa İttifaqının 2016-cı il Qlobal Strategiyasında deyilir: “Dövlətlərin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı və münaqişələrin sülh yolu ilə həll edilməsi Avropanın təhlükəsizliyinin əsas elementləridir. Bu prinsiplər Avropa İttifaqı daxilində və onun sərhədlərindən kənarda olan bütün dövlətlərə şamil olunur”.

    Həmçinin, bu kimi ziddiyyətli açıqlaması ilə Kiprin xarici işlər naziri özü-özünü inkar edir. Xatırlatmaq istərdik ki, bu ilin 26 yanvar tarixində Avropa Şurasının Nazirlər Komitəsinin sədri qismində ATƏT-in Daimi Şurasında çıxışı zamanı o, Kiprin ərazi bütövlüyü, suverenlik və dövlətlərin siyasi müstəqilliyi prinsiplərini qəti şəkildə dəstəklədiyini bildirmişdi.

    Onu da qeyd etmək lazımdır ki, Şimali Kipr türklərin əsrlər boyu köklü xalq kimi yaşadığı ərazidir və onların da öz müqəddəratını təyin etmək hüququ vardır.

    Şəffaflıq təmin edilmədiyinə görə Kipr ilə Ermənistan arasındakı hərbi əməkdaşlıq barəsində də müəyyən suallar və şübhələr vardır. Ümid edirik ki, Avropa İttifaqı və ATƏT-in münaqişənin hərbi aspektləri ilə bağlı müvafiq mövqeləri çərçivəsində məsələ nəzərdən keçiriləcəkdir”. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi