XİN İtaliyanın ATƏT-ə sədrlik zamanı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyinə münasibət bildirib

XİN İtaliyanın ATƏT-ə sədrlik zamanı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyinə münasibət bildirib "İtaliya ATƏT-də sədrlik zamanı BMT TŞ-nin müvafiq qətnamələrinin tələblərinin yerinə yetirilməsi üçün öz mövqeyində davamlılıq nümayiş etdirəcək"
Qarabağ
2 Yanvar , 2018 18:49
XİN İtaliyanın ATƏT-ə sədrlik zamanı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyinə münasibət bildirib
Hikmət Hacıyev

Bakı. 2 yanvar. REPORT.AZ/ "ATƏT-in 2018-ci il üzrə fəaliyyətdə olan sədri kimi İtaliyanın prioritetləri sırasına Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi və səyləri ilə həll edilməsinin daxil edilməsini müsbət qiymətləndiririk".

"Report" xəbər verir ki, bu barədə XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib. 

"Biz ATƏM-in (sonradan ATƏT adlandırıldı) Minsk Konfransının və sonradan ATƏT-in Minsk qrupunun sədri olmuş İtaliya parlamentinin üzvü və İtaliyanın xarici işlər nazirinin müavini Mario Rafaelli tərəfindən BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsinə əsasən hazırlanmış Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını nəzərdə tutan “Təcili tədbirlər haqqında vaxt cədvəlini” çox yaxşı xatırlayırıq. Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasına dair “Təcili tədbirlər haqqında vaxt cədvəli” BMT TŞ-nin 853 saylı qətnaməsinin əlavəsi kimi təqdim edilib. 874 saylı qətnamədə BMT Təhlükəsizlik Şurası ATƏT-in Minsk qrupu tərəfindən təqdim olunan “Təhlükəsizlik Şurasının 822 və 853 saylı qətnamələrinin icrası üçün təcili tədbirlər haqqında yenilənmiş vaxt cədvəli” adlı sənədini alqışlayır və təqdir edir.

Həmçinin, BMT TŞ-nin 874 saylı qətnaməsində ATƏM-in Minsk qrupunun “Yenilənmiş vaxt cədvəlində” nəzərdə tutulan qarşılıqlı və təcili tədbirlərin həyata keçirilməsinin təmin olunması, xüsusən işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması tələb olunur", - H.Hacıyev vurğulayıb.

H.Hacıyev bildirib ki, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasına dair “Təcili tədbirlər haqqında vaxt cədvəli” ATƏM-in Minsk konfransının o zaman üzvü olan 9 ölkə tərəfindən birlikdə hazırlanıb.

"1993-cü ilin 28 iyulunda ATƏM-in Minsk Konfransının sədri statusunda Minsk Konfransının 9 ölkəsi adından Mario Rafaelli verdiyi bəyanatında və BMT baş katibinə təqdim etdiyi hesabatında bildirib: “Güc yolu ilə işğal olunmuş ərazilərdən qoşunların dərhal çıxarılması sülh danışıqlarının irəli aparılması üçün ən mühüm amildir” (BMT Təhlükəsizlik Şurasının S/26184 28 iyul 1993-cü il tarixli sənədi).

Biz ümid edirik ki, İtaliya Respublikası ATƏT-in fəaliyyətdə olan sədri statusunda BMT TŞ-nin müvafiq qətnamələrinin tələblərinin yerinə yetirilməsi üçün öz mövqeyində davamlılıq nümayiş etdirəcək," - deyə XİN rəsmisi bildirib. 

Son xəbərlər

Orphus sistemi