Bakı. 23 yanvar. REPORT.AZ/ Azərbaycan Xarici İşlər Nazirliyi amerikalı həmsədrin Azərbaycan və Ermənistan prezidentlərinə təmas xətti boyu zorakılığı dayandırmaq barədə çağırışına münasibət bildirib.
"Report"un məlumatına görə, Azərbaycan XİN-in mətbuat katibi Hikmət Hacıyev mətbuata açıqlamasında deyib:
"ABŞ-dan olan həmsədr Ceyms Uorlikin münaqişə tərəflərinə müraciətinə cavab olaraq, biz də ATƏT-in Minsk qrupunun həmsədrlərinə müraciət edirik ki, Ermənistan rəhbərliyini zorakı təxribatçı əməlləri dayandırmağa və silahlı qüvvələrini işğal olunmuş Azərbaycan ərazilərindən çıxarmağa vadar etsinlər".
Qeyd edək ki, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik öz "twitter" səhifəsində Azərbaycan və Ermənistan prezidentlərini təmas xətti boyu zorakılığı dayandırmağa çağırıb: "Mənim prezidentlərə müraciətim: qoşunların təmas xətti boyu zorakılığı dayandırmaq və danışıqlara sadiq qalmaqdır".